AZ

Tanışı onun barəsində polisə məlumat verdiyini düşünərək “cəzalandıran” şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah saxlamada təqsirləndirilən Ərəstun Zülfüqarovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, Ərəstun Zülfüqarov ağır və çoxepizodlu cinayət əməlləri – qanunsuz azadlıqdan məhrum etmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silah saxlama ittihamları üzrə məhkum edilib.


İş materiallarına əsasən, o, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə, silah qismində istifadə edilən əşyalardan istifadə edərək onu qanunsuz azadlıqdan məhrum etməkdə, eyni zamanda satış məqsədi olmadan narkotik vasitə saxlamaqda, eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda təqsirli bilinib.


Belə ki, Ərəstun Zülfüqarov istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz şəkildə xeyli miqdarda – təmiz çəkisi 0,531 qram olan kustar üsulla hazırlanmış heroin əldə edərək üzərində saxlayıb və daşıyıb. 2023-cü ildə Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən yaşayış binasının qarşısında saxlanılaraq polis idarəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əynindəki şalvarın sağ yan cibindən bir bükümdə heroin aşkar edilərək götürülüb.


İş üzrə digər epizod isə qanunsuz silah və sursat saxlama faktı ilə bağlı olub.


İstintaq materiallarında göstərilib ki, o, istintaqa məlum olmayan mənbədən Rusiya istehsalı olan, texniki cəhətdən saz və atəşə yararlı “Makarov” konstruksiyalı 9 mm-lik tapança, həmin silaha məxsus daraq və keçmiş SSRİ istehsalı olan 176 ədəd döyüş patronu əldə edib.


Müəyyən edilib ki, Ərəstun Zülfüqarov silah və sursatı qardaşının Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən taxta emalatxanasının gözətçi otağında gizlədərək saxlayıb. 2023-cü ildə həmin otağa baxış keçirilərkən bir ədəd “Makarov” tipli tapança, bir daraq və 176 patron aşkarlanaraq götürülüb.


Cinayət işində ən ağır epizod isə zərərçəkmiş N.N.-in (adı, soyadı şərtidir) qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı olub.


İttihama əsasən, Ərəstun Zülfüqarov tanışı olan zərərçəkmiş şəxsin onun barəsində narkotik vasitə və silah saxlaması ilə bağlı polisə məlumat verdiyini düşünərək onu cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə o, 2023-cü ildə N.N söhbət etmək bəhanəsi ilə görüşüb, onu avtomobilə mindirərək Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən ortaq tanışlarının evinə aparıb. Hadisə yerinə çatdıqdan sonra təqsirləndirilən şəxs mübahisəyə şahidlik edilməməsi məqsədilə ev sahibi olan şəxsi evdən uzaqlaşdırıb. Ev sahibi oradan çıxdıqdan sonra tərəflər arasında polisə şikayət məsələsi ilə bağlı mübahisə yaranıb.


Mübahisə zamanı Ərəstun Zülfüqarov mətbəxdən qayçı götürərək onu silah qismində istifadə edib və N.N.-ə müxtəlif nahiyələrdən zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə boynun sol yan-ön səthində cərrahi tikiş tələb edən yara, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, eləcə də baş, qulaq, diz və əl nahiyələrində hematoma, əzik və sıyrıqlar yetirilib.


Bundan sonra Ərəstun Zülfüqarov zərərçəkmiş şəxsin əl və ayaqlarını iplə bağlayıb, səs çıxarmaması üçün isə ağzını əski parçası ilə bağlayaraq onu qanunsuz şəkildə azadlıqdan məhrum edib. Sonradan evə qayıdan ev sahibi qısa müddətlik çıxacağını bildirərək yenidən ərazidən uzaqlaşıb və zərərçəkmiş şəxs bağlı vəziyyətdə saxlanılıb.


Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Ərəstun Zülfüqarov Cinayət Məcəlləsinin 145.2.5-ci (silah qismində istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6-cı (sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə), 228.1-ci (qanunsuz silah saxlama) və 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinib. Hökmə əsasən, ona 6 il müddətinə azadlıqdan məhrumetməcəzası müəyyən edilib.


Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edib, həmçinin narkomaniyadan məcburi müalicə təyin olunmasını və narkoloji qeydiyyatda olmasını da nəzərə alıb.


Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək işə yenidən baxılmasını istəyib.


Digər tərəfdən, zərərçəkmiş şəxs də apellyasiya şikayəti təqdim edərək qanunsuz azadlıqdan məhrum etmə ilə bağlı ittihamın daha yüngül maddəyə – Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsini, ona xəsarət yetirilmədiyini, tərəflərin barışdığını və şikayətinin olmadığını əsas gətirərək həmin hissədə icraata xitam verilməsini xahiş edib.


Lakin Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini təmin etməyib.


Kamal Məmmədov 

Tarix: 26 May 2026, 08:44   
Seçilən
37
pravda.az

1Mənbələr