AZ

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

Qurban bayramı islam dünyasında mərhəmət, paylaşma və yardımlaşma simvolu kimi qeyd edilir. Bu bayram insanları mənəvi baxımdan bir araya gətirir, cəmiyyətdə birlik və sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Qurban ibadəti yalnız dini ayin deyil, eyni zamanda ehtiyacı olan insanlara dəstək göstərmək, paylaşmaq və xeyirxahlıq etmək kimi ali dəyərlərin təcəssümüdür.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bu il Qurban bayramı mayın 27-nə təsadüf edir. Qurban kəsimi həmin tarixdən başlayaraq üç gün davam edə bilər. Bayram günü ölkənin bütün məscidlərində bayram namazları qılınacaq.

Qurbanlıq heyvan sağlam və kəsim üçün yararlı olmalıdır. Xəstə, həddindən artıq arıq və ya ciddi qüsurlu heyvanların qurban kəsilməsi düzgün hesab edilmir. Heyvanların müəyyən yaş həddinə çatması da vacib şərtlərdəndir. Belə ki, qoyun və keçinin ən azı bir yaşı, inək və öküzün iki yaşı, dəvənin isə beş yaşı tamam olmalıdır.

Qurban bayramında diqqət edilməli əsas məqamlardan biri gigiyena və qida təhlükəsizliyidir. Xüsusilə havaların isti keçdiyi dövrdə qurbanlıq ətinin düzgün emal olunmaması və saxlanılmaması sağlamlıq problemlərinə səbəb ola bilər. Qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, qurban kəsimi həyata keçirilən məkanlarda sanitar-gigiyenik qaydalara ciddi riayət edilməlidir. Kəsilən heyvanlar mütləq baytar nəzarətindən keçməli, istifadə olunan alətlər və qablar isə hər istifadədən sonra yuyulub dezinfeksiya olunmalıdır.

Mütəxəssis qeyd edib ki, xəstəlik daşıyıcısı olan heyvanlardan insanlara bakterial, virus, parazit və göbələk mənşəli müxtəlif infeksiyalar keçə bilər. Xüsusilə yay aylarında yüksək temperatur bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Elmi məlumatlara görə, uyğun mühitdə bir bakteriya cəmi üç saat ərzində yüz milyonlarla, 12 saat ərzində isə milyardlarla sayda çoxala bilir. Bu isə gigiyena qaydalarına əməl edilmədikdə qida zəhərlənmələrinin sürətlə yayılmasına səbəb olur.

"Qurbanlıq ətin kəsimdən sonra uzun müddət açıq havada və ya isti şəraitdə saxlanılması yolverilməzdir. İnsanlar çox vaxt əti doğrayaraq polietilen torbalara yerləşdirir və saatlarla həmin vəziyyətdə saxlayırlar. Bu zaman torbanın içində hava dövranı zəifləyir, istilik artır və mikroorqanizmlərin çoxalması üçün uyğun mühit yaranır. Ət polietilen torbaya qoyulsa belə mütləq sərin şəraitdə saxlanılmalıdır. Qurbanlıq ət mümkün qədər tez, ən gec iki saat ərzində paylanılmalı və ya soyuducuya yerləşdirilməlidir. Ətin uzun müddət maşında saxlanılması da təhlükəlidir. Xüsusilə günəş altında qalan avtomobillərdə temperaturun yüksəlməsi ətin keyfiyyətinə mənfi təsir göstərir və bakterial çirklənmə riskini artırır. Bu səbəbdən qurban əti kəsildikdən dərhal sonra ünvana çatdırılmalıdır", - deyə ekspert deyib.

Qida təhlükəsizliyi baxımından ətin düzgün saxlanılması da mühüm şərtlərdən hesab olunur. Ağa Salamovun sözlərinə görə, xırdabuynuzlu heyvanların əti təxminən 12 saat, iribuynuzlu heyvanların əti isə 24 saatdan sonra istehlaka daha yararlı olur. Təzə kəsilmiş ətin emalı və bişirilməsi prosesi də uzun çəkməməlidir. Ət otaq temperaturunda nə qədər çox qalarsa, mikrobioloji çirklənmə riski bir o qədər yüksəlir. Bu səbəbdən ət ya qısa müddətdə bişirilməli, ya da uyğun temperaturda soyuducuda saxlanılmalıdır.

Qurban bayramı insanların bir-birinə yaxınlaşdığı, yardımlaşma və paylaşmanın ön plana çıxdığı xüsusi günlərdən biridir. Dini dəyərlərlə yanaşı, sağlamlıq amilinin də ön plana çıxarıldığı bu bayramda vətəndaşların gigiyena və qida təhlükəsizliyi qaydalarına əməl etməsi xüsusilə vacibdir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
60
azerbaijan-news.az

1Mənbələr