Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənistanda parlament seçkisi yaxınlaşdıqca, Rusiyanın Nikol Paşinyan hökumətinə qarşı təzyiqləri güclənir və hətta açıq şantaj xarakteri alır. Son olaraq, “fitosanitar səbəblər”dən Ermənistandan Rusiyaya gül, mineral sular, konyak və kənd təsərrüfatı məhsulları ixracına məhdudiyyət və qadağalar qoyulub.
Eyni zamanda, Rusiyanın Ermənistana təbii qazın satış qiymətlərini də artıracağı barədə xəbərdarlıqlar edilir. Son olaraq, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib ki, Ermənistan Avropa İttifaqına meyilləndiyi üçün ona təbii qaz əvvəlki kimi, 1000 kubmetri 177,5 ABŞ dollarına yox, Avropadakı kimi 570-590 dollara satılmalıdır. Onun dediyinə görə, Rusiya qazın qiymətini 3 dəfə artırsa, ermənilər Paşinyanı “qovacaqlar”.
“AzPolitika” xəbər verir ki, tanınmış erməni bloger və jurnalist Roman Baqdasaryan “Dojd” kanalına açıqlamasında Kremlin Ermənistana qarşı təzyiqinin ruspərəst müxalifətin reytinqini artırmağa xidmət etdiyini deyib. O iddia edib ki, 7 iyunda keçiriləcək seçkinin sabahı günü Rusiya Ermənistan məhsullarına qarşı bütün məhdudiyyətləri qaldıracaq: “Rusiya bu cür xırda çirkinliklərlə erməni seçicisinə təsir etmək, onu qorxutmaq istəyir... Təbii qaza gəlincə, Rusiya Ermənistana onu ucuz satmır. Rusiya hakimiyyətinin dediyi qiymət Gürcüstan-Ermənistan sərhədini keçən qiymətə aiddir. İstehlakçılar üçünsə qaz elə Avropa qiymətlərinədir. Çünki Ermənistanın qazpaylayıcı sistemi Rusiyaya məxsusdur və Rusiya təbii qazı özü öz qazpaylayıcı şirkətinə ucuz satır. Biz erməni istehlakçılarına isə həmin qaz həmin paylayıcı tərəfindən üç dəfə baha qiymətə satılır. Ona görə də bizim üçün fərqi yoxdur, qazı həmin yüksək qiymətə Rusiyadan, yoxsa qonşu Azərbaycandan, yaxud başqa bir ölkədən ala bilərik”.
Baqdasaryanın dediyinə görə, Rusiyanın bu addımları və təhdidləri əks effekt verir və Nikol Paşinyanın reytinqini daha da artırır.
O iddia edib ki, Rusiyanın hər bu cür şantajı erməni seçicisini qəzəbləndirir və onu Rusiyadan, eləcə də Kremlin Ermənistanda himayə etdiyi siyasi qüvvələrdən uzaqlaşdırır.
C.Məmmədli
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.