AZ

Yerli ətlə 100 faizlik təminat -Azərbaycanda yeni iqtisadi hədəf...



Vüqar Bayramov: “Özəl sektorun cəlb olunması, birmənalı şəkildə səmərəliliyin artırılması istehsalın genişləndirilməsi aspektindən vacibdir”

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, ət, süd, quş əti ilə özümüzü 100 faiz təmin etməliyik. “Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır", - Prezident Əliyev qeyd edib.

Bu nə dərəcədə mümkündür? Hansı müddət ərzində, hansı şərtlə mümkün ola bilər?

Millət vəkili Vüqar Bayramov baki-xeber.com-a bildirdi ki, Azərbaycan Prezidenti kənd təsərrüfatı ilə bağlı müşavirədə bir sıra strateji məqamlara və əsas istiqamətə toxundu. “Bu ərzaq məhsulları, xüsusən də kənd təsərrüfatı məhsulları üzrə özünü təminat etsə də belə, bir sıra məhsullar yenə də idxal olunur. Bəzilərinin isə, xüsusən strateji əhəmiyyət daşıyan buğdada idxal aslılığı qalmalıdır. Ona görə də məhz bu müşavirədən sonra Dövlət Proqramının təsdiq olunmasında da əsas məqsəd məhz idxalın azaldılması və yerli istehsalın, dəstəklənməsi, stimullaşdırılmasıdır. Əsas məqsəd daha çox istifadə olunan kənd təsərrüfatı məhsulları üzrə idxaldan aslılığın minimallaşdırılması, yerli istehsalın istehlakda payını daha da artırmasıdır. Cənab Prezidentin də müşavirədə qeyd etdiyi kimi, bunun üçün dövlət sektoru ilə yanaşı özəl sektorun da bu sahədə aktiv iştirakının dəstəklənməsi vacibdir. Qeyd olunduğu kimi bütövlükdə proqam çərçivəsində 6 milyard manata yaxın investisiya qoyuluşunun həyata keçiriləcəyi, onun da əhəmiyyətli hissəsi özəl sektorun payına düşəcəyi gözlənilir. Özəl sektorun cəlb olunması, birmənalı şəkildə səmərəliliyin artırılması istehsalın genişləndirilməsi aspektindən vacibdir”.

V.Bayramovun dediyinə görə, inkişaf etmiş ölkələrin də təcrübəsi göstərir ki, aqrar məhsulların istehsalında özəl sektorun daha yaxından iştirakı və dəstəklənməsi nəticə etibarı ilə ərzaq təminatı və ərzaq təhlükəsizliyinin formalaşmasına imkan yaradır. “Bu gün bu istiqamətdə ən mühüm məqamlardan biri də məhz özəl sektorun investisiya qoyuluşlarında və bütövlükdə fərqli məhsulların istehsalında payının artırılması, dövlət tərəfindən isə həm investisiya mühtinin daha da yaxşılaşdırılması, subsidiya mexanizminin təkmilləşdirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması formasında həyata keçirilə bilər. Nəzərə alsaq ki, 2030-cu ilin hədəfləri kifayət qədər ciddi və ölçülə bilən hədəflərdir. Bu isə ondan xəbər verir ki, cənab Prezidentin qeyd etdiyi məsələlərin, eləcə də verilən tapşırıqların həlli aqrar sektorda bimənalı şəkildə stk-holdinq yanaşmasının tətbiqini vacibləşdirir. Həm dövlət, həm də özəl sektorun aqrar sektorda birgə fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, idxaldan aslılığın azalmasına və qiymətlərin optimallaşdırılmasına gətirib çıxara bilər”-deyə V.Bayramov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr