AZ

Azərbaycan Xalq Cümhuriyyəti: milli birlik və həmrəyliyin təcəssümü

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Elşən Alıyev

​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

28 May – Müstəqillik Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutur. 1918-ci il mayın 28-də yaradılmış Azerbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində yeni siyasi düşüncənin başlanğıcı idi. Azərbaycan xalqı həmin gün azad yaşamaq əzmini nümayiş etdirərək Şərqdə ilk demokratik, hüquqi və parlament respublikasını qurdu.

XX əsrin əvvəllərində xalqımızın qabaqcıl ziyalıları, maarifçiləri və siyasi xadimləri milli azadlıq ideyalarını geniş yayaraq xalqın milli şüurunun formalaşmasına mühüm töhfələr verdilər. Milli dirçəliş hərəkatı nəticəsində 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz müstəqilliyini bütün dünyaya bəyan etdi. Bu tarixi sənəd xalqımızın dövlətçilik iradəsinin, milli birlik və azadlıq ruhunun parlaq ifadəsi idi. Xalq Cümhuriyyəti qısa müddətdə müasir dövlət institutlarının yaradılması istiqamətində mühüm addımlar atdı və xalqın öz müqəddəratını müəyyən etməyə qadir olduğunu sübut etdi.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik idarəçilik prinsiplərinə əsaslanırdı. Parlamentli respublika modeli xalq hakimiyyətinə, qanunun aliliyinə və vətəndaş hüquqlarına söykənirdi. O dövr üçün olduqca mütərəqqi hesab edilən qanunların qəbul edilməsi cəmiyyətin inkişafına mühüm təsir göstərdi. Qadınlara seçki hüququnun verilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların tanınması Xalq Cümhuriyyətinin demokratik mahiyyətini göstərirdi. Bu addımlar bir çox Avropa dövlətlərindən əvvəl həyata keçirilmişdi və Azərbaycanı regionun qabaqcıl siyasi mərkəzlərindən birinə çevirmişdi.

Cümhuriyyət dövründə dövlət atributları təsis edildi, milli ordu yaradıldı, dövlət bayrağı qəbul olundu. Təhsil, hüquq və idarəetmə sahəsində mühüm islahatlar həyata keçirildi. Ana dilində təhsilin təşkili milli özünüdərk prosesini daha da gücləndirdi.

1919-cu ilin sentyabrında Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Universitetin yaradılması milli kadr hazırlığı və elmi inkişaf baxımından mühüm hadisə idi. Həmin dövrdə məhkəmə və ədliyyə sisteminin formalaşdırılması hüquqi dövlət quruculuğunun əsasını təşkil etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin əsas məqsədlərindən biri müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınmaq idi. Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti dövlətimizin maraqlarını müdafiə edərək beynəlxalq dəstək qazanmağa çalışdı. Bir sıra dövlətlərlə diplomatik münasibətlər quruldu və Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanındı. Bu proseslər sonrakı dövrlərdə də dövlətçilik ənənələrinin qorunması baxımından mühüm rol oynadı. Xalq Cümhuriyyətinin yaratdığı siyasi-hüquqi irs müasir müstəqil Azərbaycanın əsas ideoloji dayaqlarından birinə çevrildi.

1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpası xalqımızın azadlıq ideallarının davamı idi. Lakin həmin dövrdə mürəkkəb ictimai-siyasi vəziyyət dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin qorunması naminə mühüm addımlar atdı. Ulu Öndərin siyasi uzaqgörənliyi nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət qurumları formalaşdırıldı və milli birlik bərpa olundu. Məhz həmin siyasətin nəticəsində müstəqil Azərbaycan güclü dövlətə çevrildi.

1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qaldırılması xalqın müstəqillik əzmini nümayiş etdirən tarixi hadisə idi. Bu addım gələcək müstəqilliyin siyasi və mənəvi əsaslarını daha da möhkəmləndirdi.

Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik dövlətə çevrilib. Dövlətimizin siyasi, iqtisadi və hərbi gücü əhəmiyyətli dərəcədə artıb. Ərazi bütövlüyünün və suverenliyin tam təmin olunması xalqımızın tarixində mühüm dönüş nöqtəsi oldu. İşğaldan azad edilmiş torpaqlarda üçrəngli bayrağın dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını göstərir. Bu gün müstəqil Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi çıxış edir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərinin geniş qeyd olunması milli dövlətçilik tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması da dövlətçilik irsinə verilən yüksək dəyərin göstəricisi idi. 15 oktyabr 2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması tarixi həqiqətlərin hüquqi müstəvidə bir daha təsdiqi oldu.

28 May – Müstəqillik Günü xalqımızın milli qürurunu, dövlətçilik ənənələrini və azadlıq ruhunu özündə birləşdirir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə böyük siyasi irs formalaşdıraraq müasir dövlətçiliyimizin əsasını qoydu. Bu gün Azərbaycan həmin idealları uğurla yaşadır, dövlət müstəqilliyini daha da möhkəmləndirir. Müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olması xalqımızın milli birliyinin və dövlətçilik iradəsinin ən böyük təntənəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
yeniazerbaycan.com

1Mənbələr