Bakı, 26 may, AZƏRTAC
Bugünkü gün mənim üçün həm sevindiricidir, həm də olduqca kədərlidir. Sevindiricidir ki, nəhayət, doğma torpaqlarımıza, ana yurdumuza qayıdırıq. Kədərli tərəfi isə odur ki, tam 32 il keçib; biz bu torpaqlardan cavan oğlan olaraq çıxmışdıq, indi isə yaşlaşaraq geri qayıdırıq. Bu illər ərzində talelər də fərqli formalaşdı: elə ailələr var ki, o vaxt dörd nəfər çıxmışdılar, indi daha da böyüyüb səkkiz nəfər olaraq qayıdırlar. Mən isə o vaxt dörd nəfərlə çıxmışdım, bu gün tək qayıdıram geri.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Ağdam şəhərinə köçən Namiq Fətəliyev deyib.
O bildirib ki, Ağdam kimi gözəl bir məkana qayıtmaq böyük xoşbəxtlikdir.
"İşğaldan sonra bu, mənim Ağdama ilk gedişimdir. Bu vaxta qədər məni neçə dəfə müxtəlif səfərlərə dəvət etsələr də, imtina etmişdim; demişdim ki, mən ora qonaq kimi yox, yalnız öz evimə-eşiyimə birdəfəlik qayıdanda gedəcəyəm", - deyə Ağdam sakini əlavə edib.