AZ

“AZPULMAT”ın xalis mənfəəti kəskin azalıb, aktivlər kiçilir

Azərbaycanda əhaliyə xırda kreditlər verməklə portfel formalaşdıran “AZPULMAT” və ya “Azpul” BOKT MMC 2025-ci ili xalis mənfəət əldə etsə də, öncəki illə müqayisədə böyük bir geriləmə ilə üzləşib.

Banker.az xəbər verir ki, BOKT11.77 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 82% azalma deməkdir. Keçən ilin eyni dövründə 64.13 mln. manat xalis mənfəət əldə etmişdi. Mənfəətdəki kəskin geriləmə əsasən faiz gəlirlərinin 76% azalaraq 18.62 mln. manata düşməsi və kredit satışlarından yaranan zərərin 24.51 mln. manata yüksəlməsi ilə bağlı olub.

BOKT-nin bölüşdürülməmiş mənfəəti isə ilin sonunda 63.45 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 10.2% azdır. Səbəb isə səhmdarlar qalan bölüşdürülməmiş mənfəəti biznesə deyil özlərinə dividend kimi götürmələridir. “Azpul” 2025-ci ildə səhmdarlarına 19 mln. manat dividend ödəyib. Kredit təşkilatı 2024-cü ildə isə 25.2 mln. manat dividend ayırmışdı.

BOKT-nin ümumi gəlirləri 2025-ci ildə 89.89 mln. manat olub və illik müqayisədə 35.6% azalıb. Ümumi xərclər isə 78.12 mln. manata yüksələrək 3.5% artıb. Maraqlı hissə isə BOKT-nin hesabatında yer alan “digər gəlirlər”in 15.6% artaraq 71.26 mln. manata çatıb. Hesabatı analiz etdikdə məlum olur ki, bu müştərilərdən toplanan cərimə və penyalardır. Öncəki ildə BOKT cəriməyə görə 61 milyon manat cərimə topladığı halda, bu il 71 milyon manata yüksəlib. Lakin bildirməliyik ki, bu artım faiz gəlirlərindəki azalmanı kompensasiya etməyib. İnzibati və digər əməliyyat xərcləri 3.1% azalaraq 14.78 mln. manat olub.

AKTİVLƏR

“AZPULMAT”ın cəmi aktivləri 2025-ci ilin sonunda 64.93 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 16.2% azalma deməkdir. Aktivlərin 35.5%-ni xalis kredit portfeli formalaşdırıb. BOKT-nin ümumi kredit portfeli 6.7% artaraq 115.01 mln. manata yüksəlsə də, ehtimal olunan kredit zərərləri üzrə ehtiyatlar 65.2% artaraq 91.96 mln. manata çatıb. 90 gündən artıq gecikmiş kreditlərin həcmi 80.33 mln. manat olub və bu göstərici ümumi kredit portfelinin təxminən 69.8%-nə bərabərdir.

BOKT-nin cəmi öhdəlikləri illik müqayisədə 81.7% azalaraq 1.18 mln. manata enib. Cəmi kapital isə 10.2% azalaraq 63.75 mln. manat olub.

Seçilən
12
banker.az

1Mənbələr