AZ

"Kupçası" olmayan evlərlə bağlı ŞAD XƏBƏR - Deputatdan MÜHÜM AÇIQLAMA

Bakıətrafı kənd və qəsəbələrdə tikilən həyət evlərinin sənədləşdirilməsinə mane olan məqamlardan biri də həmin torpaqların statusu ilə bağlıdır. Belə ki, reyestrdə kənd təsərrüfatı təyinatlı torpaqlar, pay torpaqları kimi göstərilən ərazilərdə son onillikdə evlər tikilib, qəsəbələr salınıb. Əhalinin ehtiyaclarına uyğun olaraq dövlət tərəfindən infrastrukturla təmin edilib, məktəblər, xəstəxanalar istifadəyə verilib. Yüzminlərlə ailənin yaşadığı bu evlər sökülməyəcəyinə görə və artıq həmin torpaqlarda kənd təsərrüfatı işləri görülməyəcəyinə görə yeganə yol həmin torpaqların təyinatının dəyişdirilməsidir. Çünki artıq sənədləşmə problemi bərabərində başqa çətinliklər də yaradır. Əhalinin qeydiyyatı məsələsindən tutmuş, kommunal xətlərin çəkilməsinə qədər bütün  məsələlərin həlli  sənədləşməyə bağlıdır. Məlum olduğu kimi 2023-cü ildən bəri çıxarışı olmayan evlərə kommunal xətlərin çəkilməsi dayandırılıb. Bakıətrafı kənd və qəsəbələrdə tikilən sənədsiz evlər 3 ildir ki, qaz, işıq, su xətləri çəkdirə bilmir. Bu da əhali arasında narazılığa səbəb olur.

Məsələ ilə bağlı deputat Vüqar Bayramov Sitat.info-ya açıqlamasında bildirib ki, xüsusilə pay torpaqları üzərində inşa edilən və kütləvi məskunlaşmanın olduğu ərazilərdə torpaqların statusunun dəyişdirilməsi məqsədəuyğun hesab olunur:

"Qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı aparılan qiymətləndirmədə əsas məqamlardan biri də məhz pay torpaqlarının üzərində inşa edilən evlərin taleyi ilə bağlıdır. Bəzi yerlərdə həmin torpaqlarda kütləvi şəkildə evlərin tikilib və praktiki olaraq həmin torpaqların pay torpağı kimi istifadə edilməsi real görünmür. Bu baxımdan bizim təklifimiz ondan ibarətdir ki, kütləvi məskunlaşmış pay torpağı hesab olunan ərazilərdə torpağın statusunun dəyişdirilməsi və həmin evlərə çıxarışın verilməsi məqsədəuyğun olar".

Deputat bildirib ki, çıxarışların verilməsi bir tərəfdən vətəndaşların mülkiyyət hüququnun rəsmən tanınmasına şərait yaradacaq, digər tərəfdən isə həmin əmlakların iqtisadi dövriyyəyə cəlb olunmasına imkan verəcək:

"Çünki bu bir tərəfdən həmin evlərdə mülkiyyət hüququnun tanınmasına, onların çıxarışla təmin edilməsinə, digər tərəfdən isə həmin əmlakın iqtisadi sferaya cəlb edilməsinə imkan yarada bilər. Bu isə ona gətirib çıxaracaq ki, ev sahibləri əmlakdan istifadə edilməklə kreditin götürə biləcək, müəyyən iqtisadi fəaliyyətlə məşğul ola biləcək. Eyni zamanda təbii ki, bu dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yarada bilər. Əmlak qeydiyyata alındıqda büdcə qarşısında öhdəliklər daha çox yerinə yetiriləcək, büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq. Ona görə də bu istiqamətdə qiymətləndirmələr gedir və biz də kütləvi məskunlaşmış pay torpaqlarının statusunun dəyişdirilməsi və həmin mənzillərə çıxarışın verilməsini məqsədəuyğun hesab edirik".

Nigar,

Sitat.info

 

Seçilən
16
3
sitat.info

4Mənbələr