AZ

Avrasiyada yeni geosiyasi mərkəz yaranır

Bu, Azərbaycan – Gürcüstan strateji körpüsüdür

Son illər baş verən dərin geosiyasi dəyişikliklər və beynəlxalq ticarət yollarında artan risklər Avropa ilə Asiya arasında alternativ marşrutların strateji əhəmiyyətini artırıb. Qlobal iqtisadi sistemdə formalaşan yeni güc balansı göstərir ki, qitələrarası ticarət təkcə iqtisadi maraqlar üzərində deyil, həm də milli təhlükəsizlik, təchizat dayanıqlılığı və geosiyasi sabitlik üzərində qurulur.

Məhz dəyişən reallıqlar fonunda Orta Dəhliz getdikcə daha çox diqqət mərkəzinə çıxır. Əvvəllər yalnız alternativ logistika xətti kimi qiymətləndirilən bu multimodal marşrut artıq Avrasiya üzrə yük axınlarının əsas dayaqlarından birinə çevrilib. Bu çərçivədə Aşqabadda Gürcüstan və Türkmənistan rəsmiləri arasında keçirilən yüksək səviyyəli görüşlər sırf diplomatik xarakter daşımır, geniş mənada, Avrasiyanın yeni geosiyasi arxitekturasının formalaşdığı strateji platforma kimi çıxış edir. Görüşlərdə ticarət dövriyyəsinin artırılması, logistika infrastrukturunun genişləndirilməsi, enerji əməkdaşlığı, investisiya axınlarının stimullaşdırılması və regional turizm potensialının inkişafı kimi istiqamətlər ətraflı müzakirə olunub.

Xüsusilə Orta Dəhlizin səmərəliliyinin artırılması məsələsi müzakirələrin mərkəzində dayanıb. Tərəflər etiraf ediblər ki, marşrutun modernləşdirilməsi və rəqəmsallaşdırılması yalnız iqtisadi inkişaf üçün deyil, həm də regionda uzunmüddətli sabitlik və strateji dayanıqlılıq üçün önəmlidir.

Bu böyük tranzit sistemində Gürcüstan xüsusi strateji mövqeyə malikdir. Qara dənizə çıxışı olan ölkə Avropa bazarlarına açılan əsas qapı funksiyasını daşıyır və Mərkəzi Asiyadan gələn yüklərin Qərbə inteqrasiyasında həlledici keçid rolunu oynayır. Batumi və Poti limanları təkcə milli infrastruktur obyektləri deyil, regionun logistika sistemini hərəkətə gətirən əsas mərkəzlərdir.

Son illər Gürcüstanın həyata keçirdiyi islahatlar onun tranzit rolunu gücləndirib. Rəqəmsal gömrük idarəçiliyi, “vahid pəncərə” sistemi, liman əməliyyatlarının avtomatlaşdırılması və logistika proseslərinin rəqəmsallaşdırılması yükdaşımaların sürətini artırmaqla yanaşı, tranzit xərclərini azaldıb və Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldib. Eyni zamanda, ölkənin Qara dəniz üzərindən inkişaf etdirdiyi layihələr yalnız ticarət və nəqliyyatla məhdudlaşmır. Sualtı kabel infrastrukturu, enerji şəbəkələrinin genişləndirilməsi və rəqəmsal bağlantı layihələri Gürcüstanı həm də informasiya və enerji axınlarının kəsişmə nöqtəsinə çevirir. Bu isə ölkənin strateji rolunu çoxşaxəli səviyyəyə qaldırır.

***

Aşqabaddakı müzakirələrdə Türkmənistanın Gürcüstan limanlarına yaxın ərazilərdə logistika və anbar infrastrukturunun yaradılması təşəbbüsü də xüsusi qeyd olunub. Bu addım Xəzər–Qara dəniz istiqamətində yük axınlarının daha səmərəli idarə olunmasına xidmət edir və regionda yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir.

Bunlarla bağlı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivishvili çıxışlarında vurğulayıb ki, dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regional sabitlik, sülh yalnız güclü əməkdaşlıq, praktiki tərəfdaşlıq və uzunmüddətli strateji baxışla mümkün ola bilər. Onun sözlərinə görə, Gürcüstanın Çin, Türkiyə və Avropa İttifaqı ilə azad ticarət sazişlərinə malik olması ölkənin tranzit əhəmiyyətini daha da artırır və bu üstünlükdən maksimum istifadə etmək üçün nəqliyyat infrastrukturu geniş miqyasda yenilənir.

Nazir həmçinin bildirib ki, Gürcüstanın hədəfi yalnız tranzit ölkə olmaq deyil, qlobal logistika mərkəzinə çevrilməkdir. Bu məqsədlə 2032-ci ilə qədər ölkənin nəqliyyat infrastrukturuna 7,5 milyard laridən çox investisiya qoyulması planlaşdırılır. Bu investisiyalar avtomobil yollarının genişləndirilməsi, dəmir yolunun modernləşdirilməsi, Tbilisidə yeni beynəlxalq hava limanının tikintisi və strateji Anaklia dərin su limanı layihəsini əhatə edir. Dərin su infrastrukturu sayəsində bu liman iritonnajlı gəmilərin birbaşa qəbulunu təmin edərək Qara dənizdə yeni logistika standartı formalaşdıracaq. Bu isə Orta Dəhlizin ümumi səmərəliliyini artıran əsas amillərdən biri kimi çıxış edəcək.

Görüşlərdə Azərbaycanın rolu qeyd edilib. Azərbaycan artıq təkcə tranzit ölkə deyil, Orta Dəhlizin işlək mexanizminin mərkəzi koordinasiya və dayaq nöqtələrindən biridir. Xəzər dənizi üzərindən həyata keçirilən yük daşımalarının təşkili, Mərkəzi Asiya ilə Qafqaz arasında logistika axınlarının idarə olunması və Avropa istiqamətində inteqrasiyanın təmin edilməsi ölkənin geoiqtisadi rolunu daha da gücləndirir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu sistemin əsas strateji qovşaqlarından biri kimi çıxış edir. Ələt ərazisində yerləşən bu liman Xəzər regionunun ən böyük multimodal logistika mərkəzlərindən birinə çevrilib. Limanın genişlənən ötürmə gücü Azərbaycanın beynəlxalq ticarət şəbəkələrində mövqeyini daha da gücləndirir.

Bakı limanı yalnız yük qəbul edən infrastruktur deyil, eyni zamanda, regionun iqtisadi ritmini müəyyən edən strateji mərkəzdir. Burada idarə olunan logistika axınları bütün Orta Dəhlizin effektivliyinə birbaşa təsir göstərir və Azərbaycanın “idarəedici mərkəz” rolunu daha da möhkəmləndirir.

Mövzu ilə bağlı gürcüstanlı ekspert Mahmud Kamaloğlu qeyd etdi ki, Orta Dəhliz artıq sadəcə nəqliyyat xətti deyil, ticarət, enerji, logistika və rəqəmsal inteqrasiyanı birləşdirən çoxşaxəli geoiqtisadi sistemdir. Onun fikrincə, bu sistemin dayanıqlılığı birbaşa ölkələrarası əməkdaşlıq və koordinasiyadan asılıdır: “Gürcüstan–Türkmənistan hökumətlərarası komissiyasının Aşqabadda keçirilən iclası bu əməkdaşlığın institusional mərhələyə keçdiyini göstərir. Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi və tranzit imkanlarının artırılması barədə razılığa gəliblər. Bütün bu proseslər göstərir ki, Orta Dəhliz artıq gələcəyin layihəsi deyil, bu günün real işlək iqtisadi sistemidir. Onun davamlı inkişafı isə xüsusilə Azərbaycan və Gürcüstanın koordinasiyalı fəaliyyətindən asılıdır”.

Beləliklə, Avrasiya ticarət xəritəsi yenidən formalaşır. Bu xəritədə Azərbaycan mərkəzi geosiyasi dayaq, Gürcüstan isə Avropaya açılan strateji qapı kimi çıxış edir. Orta Dəhliz isə bu iki ölkənin üzərindən keçərək qitələri birləşdirən yeni siyasi-iqtisadi nəfəs xətti rolunu oynayır.

P.ƏFƏNDİYEV
XQ

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr