Gürcüstanda Müstəqillik Günü ölkə üzrə müxtəlif tədbirlərlə qeyd olunur.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirlər Gürcüstan Hökumət Administrasiyasının təşkilatçılığı ilə baş tutur.
Proqram çərçivəsində Tbilisidə çağırışçıların ənənəvi andiçmə mərasimi Azadlıq meydanında reallaşacaq. Builki tədbir xristianlığın Gürcüstanda dövlət dini elan edilməsinin 1700 illik yubileyinə həsr olunub və bu səbəbdən mərasimin daha genişmiqyaslı keçirilməsi nəzərdə tutulur. Çağırışçılar həm Tbilisidə, həm də ölkənin 12 bölgəsində and içəcəklər.
Gün ərzində paytaxtda mədəni, idman və əyləncə tədbirləri təşkil olunacaq. Tədbirlər Aleksandr bağı, Xəzinə, Pxovi, Purtseladze, Vekua, İtaliya və Atoneli küçələrində keçiriləcək.
Axşam saat 20:00-da Prezident Sarayının ətrafında qala-konsertin keçirilməsi planlaşdırılır.
Müstəqillik Günü münasibətilə andiçmə mərasimi və digər mədəni, idman və əyləncə tədbirləri, həmçinin Axalkalaki, Marneuli, Qori, Telavi, Kutaisi, Poti, Ambrolauri, Msxeta, Ozurgeti, Mestia, Rustavi və Batumidə də keçiriləcək.
Tədbirlərə Tbilisidə yaşayan Gürcüstan azərbaycanlıları da qoşulublar. Onlar paytaxtda keçirilən yürüş və müxtəlif tədbirlərdə fəal şəkildə iştirak edirlər.