"Selektiv abortların gələcəkdə artması ciddi narahatlıq doğuran məsələlərdən biridir. Düşünürəm ki, demoqrafik balansın pozulmasına səbəb olan əsas amillərdən biri də məhz budur. Bu hal Azərbaycan xalqının genofonduna ciddi zərər vurur".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının son iclasında deputat Ceyhun Məmmədov bildirdi.
O əlavə etdi ki, qohum nikahlarına nəzarətin daha da gücləndirilməsi təqdirəlayiqdir:
"Qohum nikahları ilə bağlı qanunvericilikdə çox mühüm qərar qəbul edildi. Bu, olduqca vacib addımdır. Lakin həmin sahədə aidiyyəti qurumlar tərəfindən nəzarətin daha da gücləndirilməsinə ehtiyac var. Daha bir məsələ erkən nikahlarla bağlıdır. Bu istiqamətdə müəyyən işlər görülsə də, problem hələ də aktuallığını qoruyur. Qızların təhsildən yayındırılması halları müşahidə olunur. Halbuki bunun nə təhsil, nə də tibbi baxımdan əsası var. Bəzi hallarda isə məsələ dini etiqadla əlaqələndirilir. Boşanmaların sayının sürətlə artması və gənclərin ailə qurmaq istəməməsi də ciddi narahatlıq doğuran məsələlərdəndir. Hesab edirəm ki, bütün bu amillər nəzərə alınaraq yeni dövlət proqramının qəbul edilməsi məsələsinə baxılmalıdır".
NURİYYƏ