"İnter Mayami" klubunun mətbuat xidməti argentinalı superulduz Lionel Messinin sağlıq durumu ilə bağlı açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, bazar günü "Filadelfiya Yunion"la matçda (6:4) narahatlıq səbəbindən 73-cü dəqiqədə oyunu erkən bitirmək məcburiyyətində qalan Messi ilkin müayinə olunub.
Dünya çempionatı ilə bağlı fasilədən əvvəl meydana sonuncu dəfə çıxan hücumçuya "sol budun əzələ yorğunluğu, həddindən artıq yüklənmə" diaqnozu qoyulub. Oyunçunun məşqlərə qayıtma vaxtı onun sonrakı klinik və funksional inkişafından asılı olacaq.
Hadisə Messi cərimə zərbəsini yerinə yetirdikdən dərhal sonra baş verib. Kapitan sol budunun yuxarı hissəsindən tutub, əvəzetmə istəyib və birbaşa soyunma otağına yollanıb. Argentinalı meydanı təkbaşına tərk edib və tibbi yardıma ehtiyac duymayıb.
Hazırkı dünya çempionları titullarını qorumağa hazırlaşarkən zədə narahatlıq doğurur.
Argentina J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq. Komanda turnirdəki ilk oyununu 16 iyunda Missuri ştatının Kanzas-Siti şəhərində Əlcəzairə qarşı keçirəcək.
Hələlik 26 nəfərlik yekun heyətini açıqlamayan Lionel Skaloninin komandası iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır: 6 iyunda Hondurasla və 9 iyunda İslandiya ilə.
Lionel Messi artıq 5 mundialda iştirak edib və turnirin bütün zamanların rekordçusudur. O, 1982-ci ildən (mükafat təsis edildiyi vaxtdan) bəri dünya çempionatında ən yaxşı oyunçu üçün "Qızıl top" mükafatını iki dəfə qazanan yeganə oyunçudur: DÇ-2014 və DÇ-2022-də.
Mirağa