Ötən əsrdə, 80-90-cı illərdə baş verən siyasi proseslərə bəzisi tamam metafizik məna verməyə çalışsa da əslində onların maddi tərəfi də vardı, insanları meydanlara yalnız romantika çəkmirdi.
Deyirdilər ki, nəhəng SSRİ dağılsa da dünya üzünüzə açılacaq, yeni imkanlar yaranacaq, daha qapalı bir imperiyanın yox, Planetin vətəndaşı olacaqsınız.
Hələ onu demirəm ki, nə qədər sosial – iqtisadi vədlər verən, az qala, buranın cənnət olacağını iddia edənlər də vardı.
Keçmiş Lenin, indiki Azadlıq meydanında elə çıxışçılar - tribunlar olurdu ki, neftimizdən gələcək gəlirlərə nəzəri cəhətdən Azərbaycanın ərazisi boyunca hətta 5-10 millimetr qalınlığında qızıl təbəqə çəkməyin mümkün olacağını deyirdilər!
Çox maraqlıydı ki, bütün bunları dolayı yolla hətta kənardan təsdiq edənlər də tapılırdı. Söylənilənlərə görə, guya keçmiş Baltik respublikalarının birində hesablamışdılar ki, resurslarına görə Azərbaycanın müstəqil olması üçün bütün sovet respublikaları ilə müqayisədə daha çox imkanları vardı.
Hərdən mənə elə gəlir, hətta düşündürür ki, elə özümüz də bir az sadəlövh olmuşuq, hər deyilənə inanmışıq, bir az zarafatyana çıxsa da nəzərə almamışıq ki, o dövrün ictimai fəalları daha çox humanitar elmlərin adamları idi, bu elmlərsə, qüsur bilməyin, daha çox “hap-gop elmidir”, daha çox emosiya yaradır, düşündürməkdən çox, qızışıdırır! İşin tərsliyindən də onda çox təəsüf ki, daha çox emosiyaya ehtiyac vardı: insanlara emosiya aşılamaq lazım idi ki, proseslər sürətlənsin, davamlı və artan olsun...
Bunları peşimançılıq notları kimi də qəbul etməyin, qəti demək lazım deyil ki, hər şey hədər getdi: dəfələrlə özüm yazmışam ki, bu prosesdə də etiraz spektri çox geniş idi, hərə bir şey istəyirdi, hamı da istəyinə çatdı– birinin arzusu Azərbaycanı müstəqil görməkdi, digəri hakimiyyət istəyirdi, üçüncüsü rahat namazını qılmaq, orucunu tutmağı arzulayırdı, dördüncüsü gizli “sexovşiklikdən” qurtulub “biznes adamı” olmağı planlayırdı, qeyrisi sovetin ideoloji -yaradıcı instruksiyalarından cana doymuşdu...
Qərəz, bunların hamısı oldu, amma hərəsindən bir azca. Daha çox qazananlar əvvəldən daha çox hakimiyyətə can atanlar oldu, siyasətçi də onlar oldu, məmur da, biznesmen də, hətta “yaradıcı insan” da...
Realist, xüsusən də analitik təfəkkürlü adamlar üçün burada sürprizlik bir şey yox idi əslində, ona görə ki, analitiklər bir prosesi senarişdirəndə bunun mümkün risklərini də nəzərə alırlar.
Belə götürəndə, Azərbaycanda da hər şey bir az yuxarıda deyilən kimi “ideal” olardı, amma digər şərtlər də nəzərə alınsaydı – bir çox faktorlar gələcəkdə ölkədə qurulacaq siyasi sistemin və iqtisadi modelin nə qədər şəffaf, kreativ və azad olmasından asılıydı.
Bu məqamda dünyanın üç neft ölkəsini xatırlamamaq olmur: Norveç, İran və Nigeriya. Bəlkə də artıq köhnəlmiş misaldır, amma gözünüzü yumub onları bircə-bircə yada salın: gör, nə qədər fərqlənirlər! görən, bu fərq nəyin nəticəsidir?..
İnsanların çoxu bəzən obyektiv tərəfləri tamam görmür. Odur, optimal çıxış yollarını tapa bilmirlər. O gün biri deyir ki, Xalq Cəbhəsi olmasaydı Qarabağ işğal olunmazdı! Razıyıq, çox böyük səhvlər oldu, özü də bəzi kütbeyin, ambisiyasıyla ağılı mütənasib olmayan, tutduqları vəzifəyə qəti uyğun gəlməyən bəzi adamların ucbatından! Amma bəs Gürcüstanda Cənubi Osetiyanı, Abxaziyanı kim “satdı” ruslara? Yoxsa bunu da bədbəxt Qamsaxurdiya etdi? Kiçicik bir Dnestryanı bölgə kimi problemi Moldova hələ də həll edə bilmir!..
Bunları kim etdi? Əlbəttə, qonşu Rusiya, hansı ki, indinin özündə Ukraynaya qarşı müharibə aparır, digər post-sovet ölkələrinə gələcək müdaxilələrçün ideoloji bazis-fundament hazırlayır, guya Kremli bu siyasi seqmentdəki rusdilli əhalinin – “linqvistik azlıqlar”ın problemləri narahat edir!
Bəli, Rusiya amili o dövrdəki analitiklərin öz ssenarilərində yetərincə nəzərə almadığı ən böyük faktorlardan biri idi və bu gün də belə olaraq qalır.
Amma problemlərin hamısı tək Rusiyayla da bağlı deyil, digərləri də bərabərhüquqlu münasibətlər qurmaq elə də asan deyil, onların çoxu formal olaraq keçmiş imperiya statuslarından qurtulsalar da imperiya təfərkkürü və mentaliteti qalır, baxmayaraq, Dünyada nə qədər təşkilat var ki, onlar qlobal səviyyədə prosesləri hüquq müstəvisinə gətirməyə cəhd edir və hətta hazırda bunlarla bağlı beynəlxalq aləmdə ciddi böhran yaşanır, çünki qlobal institutların çoxu ötən əsrdəki “soyuq müharibə”yə uyğun qurulmuşdu...
Başımıza gələn bəlaların bir çoxu da özümüzdən qaynaqlanır, gəlin, etiraf edək ki, keçmiş müxalifət cameyəsi demiş, sivil, mütərəqqi, müasir cəmiyyət deyilik. İnanın, çoxumuz hələ də feodal təfəkküründən qurtulmamışıq, halbuki hətta feodalizmdə belə cəngavər etikası, kodeksi deyilən anlayış vardı. Mən dəfələrlə Musanın, İsanın on məşhur prinsipinə, buyruğuna (İsada bir az çoxdur, deyəsən) toxunmuşam, çünki bunlar əxlaq deyilən məsələnin fundamentidir, sanki onda hələ mövcud olmayan gələcək konstitusiyaların təməl prinsipləri idi. İslamda da bütün bunlar var, “Quran”da, şəriətdə əks olunub səhv etmirəmsə! Bəs niyə bunlara əməl etmirik? Bəlkə yeni cəmiyyət kimi qurtuluşumuz həm də bundadır?..
Siyasi sistemimizdə də bir xeyli qüsurlar var. İnanın, bugünlərdə eşidəndə ki, Gürcüstanla dəmir yolu açılacaq, nə qədər sevinmişəm!
Yox, özümün harasa yollanmaq planım yoxdur, ən azı hələ! Amma insanlar həqiqətən əziyyət çəkir. Bir də dünyada bir-iki “izqoy dövlət”, daha doğrusu, rejim var ki, hamını söyür, az qala, hamıya müharibə elan etməyə çalışır. İranı yada salın, Şimali Koreyanı xatırlayın! Bunların guya potensial düşmənləri Avropadır, Qərbdir, hərçənd, insafən, nə Qərb, nə də Avropa onların insanları, cəmiyyətləri üçün heç bir mənada təhlükə deyil, olsa-olsa, bu dövlətlərdəki siyasi rejimlərə müxalif, yaxud da problemdirlər.
Məsələn, “vizasız rejim” deyiləndə hamının yadına Avropa Birliyi düşür. Yox, belə deyil, baxın, hətta keçmiş Baltik respublikaları az qala, Dünyanın bütün ölkələrilə vizasız gediş- gəlişi təmin ediblər. Başqa necə olar? Dövlətin, hakimiyyətin vəzifəsi vətəndaşları üçün problem yaratmaq yox, əksinə onları asanlaşdırmaq, həll etməkdir. Hər şey yana, hərdən bəzi məmurların ağlına elə şeylər gəlir, bəzi deputatlarımız hərdən elə “bəyanat”lar verir, bunlar heç keçmiş Orta Asiya ölkələrində də kiminsə ağlna gəlmir!
Məhz bu səbəbdən soruşuruq ki, yəni yazıq insanların hətta ora-bura gedib-gəlməsi də həmin məmurlar, deputatlar üçün narahatlıq yaradır? Bəzi məmurlar, deputatlar və qeyriləri niyə bu Dünyanı bizimçün açmaq əvəzinə bir az da qapamağa çalışırlar? Yoxsa bunda da bir təhlükə var?
Daim deyirik ki, bəs təhdidlər, hətta təhlükələr həmişə olub, bundan sonra da olacaq. Dövran, zaman özü gətirir onları. 20-ci əsrə qədər insanlar radioaktiv çirklənmənin, nüvə müharibəsinin, “ozon dəliyi”nin, “istixana effekti”nin, səhralaşmanın, iqlim dəyişikliklərinin nə olduğunu bilirdilərmi? İndi içməli su da az qala, tükənən enerji mənbələri kimi qlobal problemə çevrilir!..
Ən adi, necə deyər, hər gün baş verən problemlərə gəldikdə, bütün dövlətlər üçün qaçaqmalçılıq, qanunsuz silah alveri, narko - ticarət, nə bilim, qanunsuz miqrasiya kimi problemlər həmişə olub və indi də var.
Bəs onlar neyləsinlər? Məsləhət üçün durub bizim bəzi “deputat”ların yanına gəlsinlər yoxsa?..