AZ

Kremlin sehrbazı...

Kirill Dmitriyev hakimiyyətə yaxın qalmaq üçün hər şeyi etməyə hazır olan siyasətçi-oliqarxdır...

Müəllif: Robert F. Uort
The Atlantic nəşri, ABŞ

Son 18 ay ərzində Vladimir Putinin Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlar səylərinə diplomatik təcrübəsi və sahə üzrə peşəkar ekspertizası olmayan bir şəxs rəhbərlik edib. Müharibənin maliyyələşdirilməsindəki roluna görə sanksiyalar altında olan bankir Kirill Dmitriyev Moskva ilə Florida arasında gedib-gəlir, eksklüziv “Billionaire Bunker” (“Milyarderlər bunkeri”) adası yaxınlığında Stiv Uitkoff və Cared Kuşner ilə görüşür.

Bu görüşlərdə onun əsas təklifi ondan ibarətdir ki, ABŞ Ukraynanın suverenliyini qurban verməli, bunun müqabilində isə Rusiya və Amerika şirkətləri üçün çoxmilyardlıq layihələr əldə olunmalıdır. Bu layihələrə Arktikada qiymətli faydalı qazıntıların çıxarılması və ya Marsa birgə missiyalar kimi ideyalar daxildir.

Bu təsəvvürlər amerikalıları müasir Rusiya ilə bağlı ən açıq reallıqları görməməyə inandırmaq mümkün olduğu fərziyyəsinə əsaslanır. Axı hansı ağıllı investor hüququn formal görüntüdən ibarət olduğu, təhlükəsizlik xidmətlərinin biznes gəlir gətirməyə başlayan kimi onu əlindən ala bildiyi və növbəti neoimperial müharibənin istənilən an bütün iqtisadi balansı dəyişə biləcəyi bir ölkəyə uzunmüddətli sərmayə yatırar?

Putin Dmitriyevi bu missiya üçün yalnız onun inandırıcı görünən Amerika təcrübəsinə görə seçməyib. Dmitriyev Stanford Universiteti və Harvard Biznes Məktəbi məzunudur, McKinsey & Company və Goldman Sachs kimi qurumlarda çalışıb. Eyni zamanda onun profili əsas amerikalı həmsöhbətlərinin profilinə uyğun gəlir.

O, Putin ailəsinə yaxın əlaqələri olan oliqarxdır. Dmitriyevin parlaq sarışın həyat yoldaşı Putinin kiçik qızı ilə yaxın dostdur. Bu isə onu faktiki olaraq Kremlin rəhbərinin qeyri-rəsmi qohumuna çevirir və bəlkə də məhz buna görə son on ildə daşınmaz əmlak aktivləri təxminən 5 milyon dollardan 100 milyon dollara qədər artıb.

Lakin Dmitriyev sadəcə Kremlin bacarıqlı illüzionisti deyil. O, kifayət qədər diqqətlə baxılmadıqda azad cəmiyyətlə qorxu üzərində idarə olunan cəmiyyət arasındakı fərqin necə silinə bildiyinin canlı nümunəsidir. İnsan özünü buna inandıra bilər ki, ukraynalıların 2014-cü ildən bəri uğrunda mübarizə apardığı demokratiya, vətəndaş hüquqları və Avropa gələcəyi əslində əhəmiyyət daşımır.

Halbuki çox da əvvəl deyil, Dmitriyev Qərb investorlarına tamamilə başqa Rusiya təqdim edirdi. O, iqtisadi islahatların ən görünən müdafiəçilərindən biri idi, Rusiyanı qanunun aliliyinin möhkəmlənəcəyi, korrupsiya və mafiya üsullarının cilovlanacağı, xarici kapitalın oliqarxlardan qorunacağı məkan kimi təqdim edirdi. Əslində, o da Ukraynanın tələb etdiyi eyni ideallardan danışırdı.

Görünür, Dmitriyev bütün bunları unutmağa özünü məcbur edib. Eyni şəkildə o, Ukraynada doğulub böyüdüyünü və keçmiş məktəb yoldaşlarından bəzilərinin indi cəbhədə döyüşərək öldüyünü də unutmağa çalışıb. O istəyir ki, Uitkoff, Kuşner, prezident Donald Tramp və başqaları da bunları unutsun.

Əgər Aleksey Navalnı müasir dövrdə tiraniyaya müqavimətin nə qədər baha başa gəldiyini göstərən simvolik fiqurdursa, Dmitriyev bir gün onun tam əksi kimi, hakimiyyətə yaxın qalmaq üçün hər şeyi edən insan kimi xatırlana bilər.

Amerikalı hüquqşünas Metyu Marrey xatırlayır ki, Dmitriyev 2011-ci ildə keçirilən illik Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı ona yaxınlaşıb. Həmin dövrdə Marrey Moskvada yaşayır və on il əvvəl həmtəsisçisi olduğu Center for Business Ethics and Corporate Governance təşkilatını təmsil edirdi.

Dmitriyev Marreydən məsləhət almaq istəyirdi. O, yeni yaradılmış suveren fondun rəhbəri təyin edilmişdi və Marreylə söhbətində fondun fəaliyyətini ən yüksək beynəlxalq standartlara uyğun qurmaq istədiyini bildirmişdi. Fondun məqsədi Rusiyanın iqtisadiyyatını modernləşdirmək, onu neft və qazdan asılılıqdan uzaqlaşdırmaq, səhiyyə və istehsal sahələrinə sərmayə yatırmaq yolu ilə iqtisadiyyatı şaxələndirmək idi.

Böyük investorları cəlb etmək, ehtimal ki, Dmitriyevin əsas motivlərindən biri idi. Lakin o, eyni zamanda Rusiyanın yarıuçuq yollarını, hava limanlarını və xəstəxanalarını yaxşılaşdırmaq, sistemi daha şəffaf etmək niyyətində təsir bağışlayırdı. O, Myurreydən yeni yaradılmış Rusiya Birbaşa İnvestisiya Fondu üçün nümunəvi etik kodeks hazırlamağın mümkün olub-olmadığını soruşmuş, əlavə olaraq digər Rusiya şirkətlərində də bu standartları təşviq etmək istədiyini bildirmişdi.

Dmitriyev məsləhətçi qismində Amerika özəl sərmayə sektorunun ən iri fiqurlarından bəzilərini cəlb etməyə nail olmuşdu. Bunlar arasında Stiven Şvartsman, Devid Bonderman və Leon Blek yer alırdı. Amerika şirkətləri ilə ilk ortaq sərmayələrdən biri Rusiyada yaxşı idarə olunan “Ana və Uşaq” adlı xəstəxana şəbəkəsi olmuşdu.

Dmitriyev bunu cəsur və ya prinsipial insan olduğu üçün etmirdi. O, iqtisadi islahatları sadəcə siyasi küləyin həmin istiqamətdə əsdiyi üçün təbliğ edirdi. Məqalə müəllifinin Dmitriyev haqqında danışdığı şəxslərin hamısı onun heyrətamiz dərəcədə adi biri olduğunu, fərqlənməyən cazibəsini və şəraitə tez uyğunlaşmaq qabiliyyətini vurğulayıb.

“O qədər diqqət çəkməyən biri idi”, deyə Dmitriyevin keçmiş biznes tərəfdaşlarından biri bildirib.

Rusiyayla əlaqələri davam edən bir çox şəxs kimi, o da anonim qalmağı xahiş edib.

Həmin dövrdə Dmitriyev, görünür, Rusiya prezidenti postunda Putini müvəqqəti əvəz edən Dmitri Medvedevin tam dəstəyindən yararlanırdı. Medvedev də tez-tez dürüstlük, şəffaflıq və iqtisadi modernləşmə barədə danışırdı. 2011-ci ildə Rusiya təxminən iki onillik davam edən prosesdən sonra Ümumdünya Ticarət Təşkilatına üzvlük ərəfəsində idi.

Başqa sözlə, Rusiyanın hazırkı kleptokratik və avtoritar modelə çevrilməsi əvvəlcədən qaçılmaz deyildi. Ölkə müəyyən qədər daha liberal istiqamətə də hərəkət edə bilərdi. Dmitriyev də böyük ehtimalla belə inkişafdan tam razı qalardı və amerikalı dostlarını, investorlarını qoruyub saxlaya bilərdi.

Lakin 2013-cü ilin sonunda Kiyevdə başlayan etirazlar Putinə ciddi təsir göstərmiş kimi görünürdü. Açıq iqtisadiyyat ideyası - ukraynalı etirazçıların tələb etdiyi və Dmitriyevin Moskvada təbliğ etdiyi model - Kremlin Ukrayna və digər keçmiş sovet məkanına nəzarəti üçün təhlükəyə çevrilməyə başladı. Çünki həmin nəzarət Moskvanın dəstəklədiyi oliqarxların üstünlük təşkil etdiyi saxtalaşdırılmış siyasi-iqtisadi sistemdən asılı idi.

Putin öz seçimini etdi. O, Krımı Rusiyaya birləşdirəndən və Ukraynanın şərqinə öz dəstəklədiyi qüvvələri göndərməyə başlayandan sonra ABŞ və Avropa Birliyi sanksiyalar tətbiq etdi. Bu, Rusiya Birbaşa İnvestisiya Fondunun tanınmış Qərb məsləhətçilərini uzaqlaşdırdı və Dmitriyevin etik dəyərlər, şəffaflıq və iqtisadi modernləşmə təbliğatçısı dövrü başa çatdı.

Bundan sonra Dmitriyev çevik şəkildə fondu siyasi alətə çevirdi. Bu alət Putinə eyni vaxtda iki məqsədə xidmət etməli idi: ölkə daxilində oliqarxları sakitləşdirmək və xaricdə avtoritar liderləri cəlb etmək. Dmitriyev tez-tez Ər-Riyad və Əbu-Dabiyə səfərlər edir, Məhəmməd bin Salman və Məhəmməd bin Zayed Al Nəhyani Rusiya Birbaşa İnvestisiya Fonduna milyardlarla dollar yatırmağa razı salmağa çalışırdı.

Fond sərmayələri barədə çox az məlumat yaydığı üçün layihələrin real gəlir gətirib-gətirmədiyini müəyyənləşdirmək mümkün deyil.

Bəlkə də bunun əhəmiyyəti yox idi. Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin düşüncə tərzinə yaxın mənbənin sözlərinə görə, əmirliklər üçün bu səxavət daha çox siyasi kontekst və xarici təsirlə bağlı idi, pul qazanmaq məqsədi daşımırdı.

Mənbə bildirib ki, məqsədlərdən biri müəyyən mənada İran rejiminə qarşı məhdudlaşdırıcı mexanizm yaratmaq idi və bu, Rusiya ilə Çin vasitəsilə həyata keçirilə bilərdi. Başqa sözlə, əmirliklər ümid edirdilər ki, Rusiya və Çinə iri həcmdə sərmayələr yatırmaq, həmin ölkələri Əmirliklərin maraqlarına zərər verə biləcək addımlardan İranı çəkindirməyə təşviq edə bilər.

Lakin bu baş vermədi. Əvəzində iddia olunur ki, Rusiya son müharibə zamanı ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektləri ilə bağlı məlumatları İrana ötürüb. Bu obyektlərin əksəriyyəti Fars körfəzi ölkələrində yerləşir.

Rusiya daxilində isə Dmitriyev itaətkar şəkildə Rusiya Birbaşa İnvestisiya Fondunu iqtisadi islahat alətindən bir növ “qara kassaya” çevirməyə başlayıb. 2015-ci ildə fond Rusiyanın Milli Rifah Fondundan 1,75 milyard dollar pensiya vəsaitini həmin dövrdə Putinin kürəkəninin də daxil olduğu oliqarxların nəzarətində olan neft-kimya nəhəngi Siburə yönəldib.

Daha sonra Latviyada fəaliyyət göstərən rus araşdırma layihəsi iStories tərəfindən yayılan sızdırılmış sənədlərə görə, Dmitriyev fondun gələcək sövdələşmələri barədə məlumatları həmin kürəkənlə bölüşüb.

Zaman keçdikcə Dmitriyev Putinin ailə çevrəsinin bir hissəsinə çevrilib. Onun həyat yoldaşı, televiziya aparıcısı və keçmiş model Natalya Popova Putinin qızı Katerina Tixonovanın həm yaxın dostu, həm də biznes tərəfdaşıdır. Onlar birlikdə bir sıra şirkətlərin direktorlar şuralarında təmsil olunurlar.

Bu vəziyyət Dmitriyevin qəfil böyük şəxsi sərvət sahibi olmasını müəyyən qədər izah edə bilər. Navalnının yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasına əsasən, Dmitriyevin təxminən 100 milyon dollar dəyərində daşınmaz əmlakı onun maaş və direktorlar şuralarındakı fəaliyyətindən əldə edə biləcəyi gəliri xeyli üstələyir.

2016-cı ilə gəldikdə isə Putin Dmitriyevə artıq o qədər etibar edirdi ki, onu maliyyə ilə əlaqəsi olmayan diplomatik missiyaya göndərmişdi. Donald Trampın seçkidə qələbəsindən bir gün sonra Dmitriyev şahmat üzrə dünya çempionatının finalını izləmək məqsədilə Nyu-Yorka uçmuşdu.

Səfər zamanı o, Trampın kampaniyası ilə yaxın əlaqələri olan Livan əsilli amerikalı siyasi vasitəçi və sonradan seksual cinayətə görə məhkum olunmuş Corc Naderə bir sıra təcili mesajlar göndərmişdi.

Dmitriyev yazmışdı ki, əgər “Tramp komandasından əsas şəxslərdən biri ilə görüşmək imkanı varsa”, o, “gələcək üçün münasibətləri qurmağa başlamağı çox istərdi”. Başqa mesajında isə belə yazmışdı: “Mənim rəhbərim sizə ən isti salamlarını göndərir”. Burada Putini nəzərdə tuturdu.

Səfər uğurlu alınmışdı. İki ay sonra, Trampın andiçmə mərasimindən əvvəl Dmitriyev Seyşel adalarında yerləşən otel barında Erik Prins ilə ABŞ və Rusiyanın fikir ayrılıqlarını bir kənara qoyaraq birlikdə necə pul qazana biləcəyini müzakirə edirdi.

Dmitriyevin bu mesajları barədə məlumatlar 2019-cu ildə Rusiyanın 2016 seçkilərinə müdaxilə cəhdlərini araşdıran Mueller hesabatında açıqlanıb. Səs-küylü araşdırma Dmitriyevin təşəbbüslərini müəyyən qədər zəiflətsə də, o Putinin etimadını heç vaxt itirməyib.

2020-ci ildə Putin Dmitriyevə Rusiyanın COVID-19 vaksini olan “Sputnik”in istehsalı və ixracına rəhbərlik etməyi tapşırıb. İctimai səhiyyə təcrübəsi olmayan maliyyəçinin belə vəzifəyə gətirilməsi qeyri-adi görünürdü. Dmitriyev bu vaksin üçün böyük reklam kampaniyası təşkil edib, lakin nəticələr ziddiyyətli olub.

Nəticədə Sputnik V onlarla ölkəyə göndərilsə də, onun yayılması mənfəət əldə etmək, yerinə yetirilməyən vədlər və qeyri-şəffaf müqavilələr barədə ittihamlarla müşayiət olunub. Afrika, Asiya və Cənubi Amerikanın bir sıra ölkələrində Dmitriyev vaksinin eksklüziv distribusiya hüquqlarını Dubay hakim ailəsinin üzvünün adına qeydiyyatdan keçmiş, yeni yaradılmış şirkətə verib. Məqalədə iddia olunur ki, həmin şirkət hər dozanın qiymətini ikiqat artırmaqla böyük gəlir əldə edib.

Qana hökuməti korrupsiya ittihamları və vaksinlərin vaxtında çatdırılmaması fonunda “Sputnik” vaksininin alınması üzrə müqaviləni ləğv edib. Keniya da oxşar səbəblərlə vaksinin istifadəsini bloklayıb.

2024-cü ildə Tramp hakimiyyətə qayıtdıqdan sonra Putin Dmitriyevi yenidən ABŞ-yə göndərib. Artıq Kremlin yaxın çevrəsinin bir hissəsinə çevrilmiş Dmitriyev bu dönüşə əvvəlcədən hazırlaşmışdı. O, internetdə özünü tamamilə MAGA ruhunda təqdim edən obraz yaradıb, X platformasında “qlobalistlərin” ağılsızlığı barədə istehzalı paylaşımlar edib, Tramp və İlon Mask haqqında tərif dolu mesajlar yayıb.

Məqalənin yazıldığı dövrdə onun sabitlənmiş paylaşımı Fox News kanalına verdiyi müsahibəyə keçid idi və həmin müsahibədə Dmitriyev Tramp komandasının “Üçüncü Dünya Müharibəsinin qarşısını aldığını” bildirirdi.

Bu dəfə Dmitriyev daha böyük siyasi səhnədə fəaliyyət göstərirdi. O, faktiki olaraq Putinin Ukraynanın işğalını legitimləşdirməyə hesablanmış “sülh danışıqları” prosesində əsas rus diplomatı roluna çevrilmişdi.

Dmitriyev ötən ilin noyabrında Trampın Ukrayna prezidenti Volodimir Zelenskidən imzalamasını tələb etdiyi 28 maddəlik planın hazırlanmasında iştirak etmiş ola bilər. Həmin plan Ukraynanın Rusiyaya böyük ərazilər verməsini və ordusunun sayını ciddi şəkildə azaltmasını nəzərdə tuturdu.

Bu təklifin ən diqqətçəkən hissəsi isə Dmitriyevin ixtisas sahəsinə uyğun idi və ABŞ və Rusiya üçün “qarşılıqlı faydalı korporativ imkanlar” paketi təqdim edirdi. Bu iqtisadi əməkdaşlıq görüntüsü altında geosiyasi güzəştlərin legitimləşdirilməsi cəhdi kimi təqdim oluna bilər.

Dmitriyevin bu diplomatik danışıqlar üçün qəribə, amma diqqətəlayiq üstünlüyü də var idi, baxmayaraq ki, o, özü bunu demək olar ki, heç vaxt xatırlatmırdı. O, Kiyevdə məşhur alimlər ailəsində böyüyüb. Ailəsi varlı olmasa da, atasının 1980-ci illərdə Ukrayna Kommunist Partiyasında yüksək vəzifələr tutduğu bildirilir.

Dmitriyevin təhsil aldığı keçmiş Sovet İttifaqının ən rəqabətli məktəblərindən biri sayılan Kiyev Təbiət Elmləri Liseyi №145 üzrə keçmiş sinif yoldaşları müəllifə onun ünsiyyətcil, lakin bir qədər təkəbbürlü olduğunu deyiblər. O, yaxşı şagird və idmançı kimi tanınsa da, ən çox ambisiyası ilə seçilirdi.

“O, daim bu boz sovet reallığından necə çıxmaq və ABŞ-də yaxşı təhsil almaq barədə danışırdı”, deyə onunla eyni sinifdə oxumuş, hazırda deputat olan Volodimir Ariyev bildirib.

Ailə əlaqələri Dmitriyevə ABŞ-yə məktəb səfərinə qatılmağa imkan verib. Sonradan o yenidən bu ölkəyə qayıdaraq təxminən on il orada yaşayıb, Stanford və Harvard diplomları əldə edib, daha sonra 2000-ci ildə Moskvaya köçüb.

Dmitriyevin atası 2022-ci ilin əvvəlində, Rusiya ordusu Ukrayna sərhədlərinə cəmləşdiyi vaxt hələ də Kiyevdə yaşayırdı. Həmin dövrdə Zelenski də daxil olmaqla bir çox tanınmış ukraynalı və rusiyalı Putinin sadəcə blef etdiyini düşünürdü.

Lakin müəllifə görə, Dmitriyevin Putinə yaxınlığını göstərən detallardan biri onun yanılmaması idi. Bildirilir ki, işğaldan bir neçə gün əvvəl Dmitriyevin atası qəfil ölkəni tərk edib və Ukraynanın TSN telekanalının ötən il ailənin qonşularına istinadən yaydığı məlumata görə, bu addım çox güman Dmitriyevin təkidi ilə atılıb.

Digər keçmiş sinif yoldaşı Aleksandr Lisniçenko isə bildirib ki, Dmitriyevin uşaqlıq dostlarından biri cəbhədə ağır yaralanıb və jurnalistin danışmaq təklifini rədd edib.

Lisniçenkonun sözlərinə görə, həmin şəxs belə deyib: “Mən Kirill haqqında danışmaq istəmirəm. Sadəcə onun dizlərinə güllə vurmaq istəyirəm”.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr