Qohum nikahları ilə bağlı statistik göstəricilər ciddi narahatlıq doğurur.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Azay Quliyev məlumat verib.
Deputat bildirib ki, yaxın qohumlar arasında qeydə alınan nikahların sayı son illərdə dəyişkən dinamikaya malik olsa da, ümumilikdə yüksək olaraq qalır. Onun sözlərinə görə, 2020-ci ildə belə nikahların sayı 395, 2021-ci ildə 2200, 2022-ci ildə 2542, 2023-cü ildə 1950, 2024-cü ildə 2058, 2025-ci ildə isə 1412 olub.
Azay Quliyev qeyd edib ki, 2024-cü ilin iyun ayında qəbul edilən və 2025-ci ildən qüvvəyə minən qohum nikahlarının qadağan edilməsi ilə bağlı qanun problemin tam həllinə hələ də tam təsir göstərməyib.
Onun sözlərinə görə, bəzi vətəndaşlar qanunvericiliyin tələblərinə baxmayaraq qohum nikahlarına üstünlük verməyə davam edirlər.
Deputat həmçinin 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayının da narahatedici olduğunu vurğulayıb: 2024-cü ildə bu göstərici 1279, 2025-ci ildə isə 877 olub.
O bildirib ki, problemin əsas səbəblərindən biri bəzi valideynlərin qız uşaqlarını təhsildən yayındırmasıdır.
Məlumata əsasən, 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrində 786 min 957 qız, 892 min 774 oğlan təhsil alır ki, bu da 105 min 817 nəfərlik fərq deməkdir.
Komitə sədri qeyd edib ki, xüsusilə 9-cu sinifdən 10-cu sinfə keçid mərhələsində qızların təhsildən ayrılma halları daha çox müşahidə olunur və bunun bir hissəsi erkən nikahlarla əlaqələndirilir.