AZ

Sülh, ədalət və sosial həmrəyliyə aparan yol

"Azərbaycan cəmiyyəti ailə dəyərlərinə böyük önəm verir və analar hər il Analar Günü və Beynəlxalq Qadınlar Günü kimi tədbirlərdə xüsusi olaraq qiymətləndirilir. Lakin bu diqqət çox vaxt bayram çərçivəsində qalır və gündəlik həyatda minlərlə qadının üzləşdiyi sosial və iqtisadi çətinlikləri tam şəkildə əhatə etmir. Analıq yalnız ailə qurmaq və uşaq böyütmək deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran mühüm sosial missiyadır".

Bu fikirləri “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə  Mərkəzinin təsisçisi və direktoru BMT-də ECOSOC yanında xüsusi məşvərətçi statuslu QHT Südabə Şirəliyeva QHT.az-a açıqlamasında bildirib.

S.Şirəliyevanın sözlərinə görə, qadınların sosial-iqtisadi çətinlikləri xüsusilə kənd və həssas qruplarda daha kəskindir: "Müasir dövrdə bir çox ana həm ailənin qayğısını çəkir, həm də iqtisadi yükü daşıyır. Xüsusilə kənd yerlərində yaşayan qadınlar işsizlik, aşağı gəlir səviyyəsi, keyfiyyətli səhiyyə xidmətlərinə məhdud çıxış və təhsil imkanlarının zəifliyi kimi problemlərlə üzləşirlər. Eyni zamanda, tək analar, əlilliyi olan qadınlar, məcburi köçkün ailələrində yaşayan və məişət zorakılığına məruz qalan qadınlar daha ağır sosial vəziyyətdədirlər".

Südabə Şirəliyeva bildirib ki, statistikalar tək anaların yükünün əsasən qadınların üzərində olduğunu göstərir: "Statistik göstəricilər də anaların üzərinə düşən məsuliyyətin miqyasını göstərir. Məsələn, tək valideynli ailələrin böyük hissəsində uşaqlara analar baxır ki, bu da onların həm emosional, həm də iqtisadi yükünü artırır. Azərbaycan cəmiyyətində də bu reallıq özünü göstərir və xüsusilə sosial müdafiəyə ehtiyacı olan qadınlar daha çox dəstəyə ehtiyac duyurlar".

Müsahibimiz vurğulayıb ki, analar çətinliklərə baxmayaraq ailənin əsas dayağı rolunu saxlayır: "Bununla yanaşı, analar bütün çətinliklərə baxmayaraq ailənin dayağı olaraq qalır, uşaqların təhsilinə və tərbiyəsinə töhfə verir, milli-mənəvi dəyərlərin ötürülməsində mühüm rol oynayırlar. Onların bu fədakarlığı cəmiyyətin sosial dayanıqlığını gücləndirir".

O qeyd edib ki, sosial rifahın artırılması üçün dövlət və cəmiyyətin rolu vurğulanır: "Bu səbəbdən anaların sosial rifahının yaxşılaşdırılması yalnız qadın məsələsi deyil, həm də milli inkişaf və sosial ədalət məsələsidir. Dövlət və cəmiyyət tərəfindən onların iqtisadi imkanlarının genişləndirilməsi, məşğulluğun artırılması, səhiyyə və sosial xidmətlərə çıxışın yaxşılaşdırılması vacibdir. Xüsusilə kənd qadınlarının peşə bacarıqlarının artırılması və kiçik biznes imkanlarına çıxışı onların iqtisadi müstəqilliyini gücləndirə bilər".

S.Şirəliyeva əlavə edib ki, analığın gücləndirilməsi cəmiyyətin gələcəyi üçün vacibdir: "Analığın qorunması və gücləndirilməsi daha ədalətli və dayanıqlı cəmiyyətin formalaşması üçün vacibdir. Anaların hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması və qərarvermə proseslərində iştirakının artırılması gələcək nəsillərin rifahına birbaşa təsir edir. Sülh, ədalət və sosial həmrəylik yalnız dövlət siyasəti ilə deyil, həm də anaların əməyinə verilən real dəyər ilə mümkündür".

Zəhra Ağayeva

Seçilən
43
qht.az

1Mənbələr