AZ

Kreml Ermənistanda seçki oyununa başlayır?

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanla bağlı açıqlamaları əslində sadəcə növbəti sərt bəyanat deyil. Bu çıxış Moskvanın həm Nikol Paşinyan hakimiyyətinə, həm də Ermənistan cəmiyyətinə ünvanladığı siyasi mesaj kimi görünür.

Medvedev açıq şəkildə bildirir ki, “Moskvanın strateji tərədaşı Ermənistan xalqıdır, hər hansı lider deyil”. Bu cümlə diplomatik dillə desək, Kreml tərəfindən Paşinyana olan etimadın ciddi şəkildə zəiflədiyinin göstəricisidir. Xüsusilə “Ermənistan Ukraynanın yoluna gedir” ifadəsi Rusiyanın ən ağır siyasi ittihamlarından biri sayılır. Çünki Moskva postsovet məkanında Qərbə inteqrasiya cəhdlərini artıq təhlükəsizlik məsələsi kimi qəbul edir.

Burada diqqət çəkən əsas məqam Ermənistanda yaxın dövrdə gözlənilən siyasi proseslər və seçki atmosferidir. Son aylarda Paşinyan hökumətinə qarşı həm kilsə daxilində, həm müxalifət düşərgəsində, həm də Rusiyaya yaxın siyasi qruplarda aktivləşmə müşahidə olunur. Kreml anlayır ki, Qarabağ məsələsindən sonra Ermənistan cəmiyyətində ciddi psixoloji və siyasi parçalanma yaranıb. Paşinyan isə bu vəziyyətdən istifadə edərək “Rusiya bizi qorumaq əvəzinə tək qoydu” tezisini daxili auditoriyaya təqdim edir və Qərblə münasibətləri dərinləşdirməyə çalışır. Moskva isə əksinə, Ermənistanın iqtisadi və təhlükəsizlik baxımından hələ də Rusiyadan asılı olduğunu xatırladır. Medvedevin “Rusiya bazarını və Avrasiya İqtisadi Birliyini itirəcək” deməsi təsadüfi deyil. Bu, bir növ seçiciyə yönəlmiş mesajdır ki, Paşinyanın kursu ölkəni iqtisadi böhrana və regional təcridə apara bilər.

Rusiyanın seçki öncəsi Ermənistanda siyasi təsir imkanlarını artırmağa çalışdığı da görünür. Kreml ənənəvi olaraq postsovet ölkələrində yalnız hökumətlə deyil, cəmiyyətin müxtəlif qrupları ilə paralel işləyir. Ona görə Medvedevin “strateji tərəfdaş Ermənistan xalqıdır” fikri gələcəkdə Paşinyandan sonrakı dövr üçün siyasi körpü saxlanılması kimi də oxunur. Moskva Paşinyanın tamamilə Qərb orbitinə keçməsinin qarşısını almaq istəyir və bu məqsədlə Ermənistanda alternativ siyasi mərkəzlərin güclənməsinə dəstək verə bilər. Xüsusilə kilsə faktorunun yenidən aktivləşdirilməsi, revanşist qüvvələrin informasiya müharibəsində önə çıxması və Rusiyaya yaxın media şəbəkələrinin intensiv fəaliyyəti təsadüfi deyil.

Digər tərəfdən, Paşinyan da bu ritorikadan daxili siyasətdə istifadə etməyə çalışacaq. O, Kremlin təzyiqlərini “Ermənistanın suveren qərarlarına müdaxilə” kimi təqdim edib öz elektoratını konsolidasiya etməyə cəhd edə bilər. Bu baxımdan qarşıdakı seçkilər və ya mümkün növbədənkənar siyasi proseslər təkcə daxili hakimiyyət mübarizəsi olmayacaq. Ermənistan faktiki olaraq Rusiya ilə Qərb arasında geosiyasi seçim meydanına çevrilir. Ukrayna nümunəsinin tez-tez gündəmə gətirilməsi də məhz bununla bağlıdır. Moskva Ermənistana demək istəyir ki, Qərbə tam yaxınlaşmanın təhlükəsizlik və iqtisadi nəticələri ağır ola bilər. Amma Ermənistan cəmiyyətində artıq əvvəlki kimi tam rusiyapərəst konsensus da yoxdur və bu, region üçün yeni və mürəkkəb mərhələ yaradır.

Ruslan Zəngəzur

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
bakivaxti.az

3Mənbələr