AZ

"Bakı - Paris xəttində yeni diplomatik mesaj verildi" - POLİTOLOQ

"Prezident İlham Əliyevlə Emmanuel Macron arasında baş tutan telefon danışığı onu göstərir ki, Bakı və Paris arasında bir müddətdir müşahidə olunan gərgin ritorikaya baxmayaraq, tərəflər dialoq kanallarını tam bağlamaq niyyətində deyillər".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, xüsusilə regional təhlükəsizlik, Cənubi Qafqazda postmünaqişə mərhələsi və Avropanın enerji təhlükəsizliyi fonunda Azərbaycan Fransanın da nəzərə almağa məcbur olduğu əsas regional aktorlardan biridir: "Bu təmas həm də onu göstərir ki, Fransa regionda təsir imkanlarını qorumağa çalışır, Azərbaycan isə münasibətləri emosional müstəvidən daha çox praqmatik diplomatiya üzərindən idarə etməyə üstünlük verir.

Digər tərəfdən, bu cür təmaslar regional diplomatiya baxımından da önəmlidir. Çünki Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Ermənistan–Azərbaycan prosesinə təsir etməyə çalışan əsas oyunçulardandır. Telefon danışığında regional və qlobal məsələlərin müzakirəsi onu göstərir ki, tərəflər təkcə ikitərəfli münasibətləri yox, daha geniş geosiyasi gündəliyi də nəzərə alırlar. Əgər qarşılıqlı təmaslar davamlı xarakter alarsa, bu, gələcəkdə enerji, nəqliyyat, iqtisadi əlaqələr və regional sabitlik mövzularında daha praqmatik əməkdaşlıq imkanları yarada bilər".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
16
1
sia.az

2Mənbələr