AZ

Qarabağda investisiya və bərpa dövrü: Bakı forumu dünyaya hansı mesajları verdi? – ÖZƏL

Azərbaycanda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekununda qəbul edilən "Baku Call to Action" sənədində müharibə və urbisidin şəhərlərə dağıdıcı təsiri xüsusi vurğulanıb. Bu sənəd Azərbaycanın işğal dövründə üzləşdiyi dağıntıları qlobal müstəvidə tanıtmasına şərait yaradıb. Eyni zamanda, tədbir Qarabağ və Şərqi Zəngəzurun sıfırdan bərpası prosesini dünyaya nümayiş etdirərək ölkəmizin diplomatik mövqeyini və regional liderliyini gücləndirib. 

"Bu tədbirin Azərbaycanda keçirilməsi şübhəsiz ki, mühüm və diqqətçəkən məqamdır. Çünki Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin böyük bir hissəsində hazırda genişmiqyaslı bərpa işləri aparılır. Digər hissələr isə hələ də dağıntıların izlərini özündə saxlayır. Orada törədilmiş dağıntılar, ekosistemə vurulan ziyan, şəhər və kəndlərin viran edilməsi bu gün də açıq şəkildə görünür. Mütəxəssislər də qeyd edirlər ki, Azərbaycanın böyük bir hissəsinə ciddi zərər vurulub. Demək olar ki, ölkə ərazisinin 20 faizi viran qoyulub".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, hazırda dövlət tərəfindən həmin ərazilərdə mühüm işlər görülür. Ancaq buna baxmayaraq, əhəmiyyətli hissələr hələ də dağıdılmış vəziyyətdədir. Təbii ki, bütün bu ərazilərin yenidən qurulması, şəhər və kəndlərin bərpası üçün uzun illər və böyük həcmdə maliyyə vəsaiti tələb olunur. Beynəlxalq hüquq baxımından da Azərbaycan haqlı mövqedən çıxış edir. Çünki zərər vuran tərəfin vurduğu ziyanın ödənilməsi vacib məsələdir. Eyni zamanda dünya da görür ki, Azərbaycan çox böyük bir humanitar və ekoloji fəlakətlə üz-üzə qalıb. Münaqişənin mahiyyəti, törədilmiş dağıntılar və onların nəticələri bu gün göz önündədir. Bütün faktlar və sənədlər ortadadır. Bu baxımdan Azərbaycanın mövqeyinin daha haqlı olduğu bir daha təsdiqlənmiş olur.

Ekspert qeyd edib ki, tədbirin Azərbaycanda keçirilməsi həm də ölkənin Cənubi Qafqazda güclü dövlət və regionun lideri olduğunu göstərir. Eyni zamanda bölgədə marağı olan dövlətlərin və dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin bir araya gəlməsi böyük əhəmiyyət daşıyır. 170-dən çox coğrafiyanın təmsil olunması Azərbaycanın beynəlxalq nüfuzunu və güclü mövqeyini bir daha nümayiş etdirdi. Bu tədbir həm də dünyaya göstərdi ki, Azərbaycan üzləşdiyi dağıntılara baxmayaraq inkişaf yolunda irəliləyir və öz gücü ilə bərpa prosesini həyata keçirir. Digər tərəfdən, tədbirdə iştirak edən dövlətlər və şirkətlər üçün Qarabağa investisiya qoyuluşu baxımından da yeni imkanlar yaranır. Dünyada bir çox şirkətlər yeni investisiya məkanları axtarırlar və Azərbaycan da bu baxımdan mühüm potensiala malikdir. Təbii ki, Qarabağa investisiya qoyulması həmin bölgələrin daha sürətli bərpasına, yeni istehsal sahələrinin yaradılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə ciddi töhfə verə bilər. Bu baxımdan tədbirin əhəmiyyətini bir daha xüsusi qeyd etmək lazımdır.

"Əslində bu tədbir beynəlxalq platforma kimi həm Azərbaycanın problemlərinin təqdim olunması, həm də onların həlli istiqamətində ölkənin yanaşmasının göstərilməsi baxımından mühüm rol oynadı. Eyni zamanda digər dövlətlərin və beynəlxalq şirkətlərin bu prosesə cəlb olunması üçün də mühüm imkan yaratdı. Görünür ki, tədbirdə iştirak edən bir çox dövlət və şirkət nümayəndələri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin bərpasında iştirak etmək imkanlarını dəyərləndirəcəklər. Bu isə həm bölgənin inkişafına, həm yeni iqtisadi imkanların yaranmasına, həm də insanların rifahına müsbət təsir göstərəcək", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr