AZ

Ölkə əhalisi 10 milyonu keçməsin deyə HƏR YOLA ƏL ATDILAR

İsveçrədə son illərdə miqrasiya səbəbilə sürətlə artan əhali problemi referendum mövzusuna çevrilib. Sağ populist İsveçrə Xalq Partiyası (SVP) və tərəfdarları ölkə əhalisinin 10 milyonu keçməməsi üçün yeni məhdudiyyətlər tətbiq etməyə çalışır.

Musavat.com xəbər verir ki, təklif edilən təşəbbüsə görə, ölkə əhalisi 9,5 milyonu keçərsə hökumət sığınacaq hüququ və ailə birləşməsi qaydalarını sərtləşdirmək məcburiyyətində qalacaq. Əhali sayı 10 milyona çatacağı halda isə İsveçrənin Avropa Birliyi ilə bağladığı Sərbəst Hərəkət Müqaviləsinin birtərəfli şəkildə ləğv edilməsi nəzərdə tutulur.

SVP bildirir ki, son 20 ildə ölkə əhalisinin təxminən 1,7 milyon nəfər artmasının əsas səbəbi miqrasiyadır. Partiya hesab edir ki, mənzil böhranı, kirayə qiymətlərinin yüksəlməsi, nəqliyyat sıxlığı, həddindən artıq şəhərləşmə və səhiyyə sisteminə düşən yük birbaşa bununla bağlıdır.

İsveçrə hökuməti, parlament və ölkənin böyük siyasi partiyalarının əksəriyyəti isə bu təşəbbüsə sərt şəkildə qarşı çıxır. Tənqidçilər planın iqtisadiyyata ciddi zərbə vuracağını, əmək bazarında böhran yaradacağını və Avropa Birliyi ilə münasibətləri təhlükəyə ata biləcəyini bildirirlər.

Məlumata görə, ölkədə hotel-restoran sektorunda çalışanların 46 faizi, tikinti sektorunda işləyənlərin isə 34 faizi əcnəbilərdən ibarətdir. Mütəxəssislər xəbərdarlıq edir ki, miqrasiyanın sərt şəkildə məhdudlaşdırılması 300 mindən çox işçi çatışmazlığı yarada bilər.

May ayının əvvəlində yayımlanan sorğular referendum yarışının olduqca gərgin keçdiyini göstərir. Bəzi sorğularda “bəli” və “xeyr” tərəfdarlarının bərabər səviyyədə olduğu, bəzi nəticələrdə isə “bəli” səslərinin 52 faizə qədər yüksəldiyi bildirilib.

Qeyd olunur ki, təşəbbüsün qəbul olunması üçün həm ölkə üzrə səs çoxluğu, həm də kantonların yarısından çoxunun dəstəyi tələb olunur.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr