Çox təəssüf ki, son illər evliliklərin sayı azalır, əvəzində boşanmalar artır, uşaq doğumunun sayı azalır, selektiv abortların sayı artır.
Ölkə.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.
"Yəni bunun səbəbləri dövlət komitəsində araşdırılıbmı? Bununla bağlı hökumətə, cənab Prezidentə hər hansı təkliflər göndərilirmi?",- o qeyd edib.
Deputat əlavə edib ki, ümumiyyətlə, indi biz burada ailə zorakılığından danışırıq: "Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Halbuki, Məhəmməd peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bax, bu ailə zorakılığının bir kökü oradan başlayır.
Bu yaxınlarda sabiq deputat həmkarımız Etibar Əliyev bir paylaşım etmişdi. Hətta Bahar xanıma da rəsmi müraciət etmişdi. Bax, bu ailə quranların sayının azalmasının əsas səbəblərindən biri budur.
Və biz nə qədər maarifləndirmə işi ilə məşğul olsaq da, köklü iqtisadi islahatlar cəmiyyətdə aparılmadan, dövlət tərəfindən ciddi sosial proqramlar həyata keçirilmədən biz bu problemlərə qarşı mübarizə apara bilməyəcəyik. Bax, bu selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr qız övladlarından imtina edir.
Yəni bu səbəbləri araşdırıb, bir xəstəliyə diaqnoz qoymadan ona qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Ona görə də mən istərdim ki, əgər sonda başkanın imkanları olsa, belə araşdırmaların aparılması, bunun səbəblərinin araşdırılması ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verilməsi, qanunvericilik təşəbbüsləri ilə çıxış edilməsi üçün təşviqlər verilməsi qeyd olunsun".
O bildirib ki, bu hamımızın işidir, smma ixtisaslaşmış qurum olaraq bu məqsədlə xüsusi komitə yaradılıb hökumət tərəfindən və bu komitənin əsas borcu bu məsələləri araşdırıb müvafiq təşəbbüslərlə çıxış etsin.
Mürtəza