Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Kann Film Festivalında Qran-pri mükafatını qazanan məşhur rusiyalı rejissor Andrey Zvyaqintsev mükafatın təqdim edilməsi mərasimində Vladimir Putinə rus dilində müraciət edib.
Həmin müraciətində rejissor Rusiya başçısını Ukraynada davam edən dəhşətli müharibəyə son qoymağa çağırıb: "Təmas xəttinin hər iki tərəfində milyonlarla insan indi yalnız bir şey arzulayır: saysız-hesabsız qətllərin nəhayət bitməsini. Bu qırğını dayandıra biləcək yeganə şəxs sizsiniz, cənab Rusiya Federasiyasının Prezidenti. Bu qırğını artıq dayandırın. Bütün dünya bunu gözləyir". Rejissor öncə qeyd edib ki, Putin internetdən və “VPN”-dən istifadə etmədiyi üçün onun bu çıxışını eşitməyə bilər. Ona görə də müraciəti ona çatdırmaq lazımdır.
Zvyaqintsevin bu çıxışı Rusiyada, xüsusilə də incəsənət xadimləri və ümumilikdə ziyalı auditoriyası arasında geniş əks-səda doğurub. İş o yerə çatıb ki, Putinin mətbuat katibi Dmitri Peskov rejissor Zvyaqintsevin müraciətinə reaksiya verməli olub. Peskov kifayət qədər sərt olan cavabında deyib ki, o, Zvyaqintsevin Kannda dediyi sözləri Putinə çatdırmaq fikrində deyil. Kremlin mətbuat katibi brifinqdə deyib ki, sözügedən rejissorun bu məsələdə söz sahibi olmaq haqqı yoxdur. Çünki Ukrayna Donbasda guya “qırğın törədəndə” Zvyaqintsev susub: "Zvyaqintsev heç vaxt Kiyev rejiminin Donbasda törətdiyi qanlı qırğını pisləməyib. 2014-cü ildən, müharibə başlayandan bəri, əgər o vaxt bunu etsəydi, yəqin ki, səs hüququ olardı. Amma indi onun belə bir hüququ yoxdur".
Ancaq Peskovla məşhur rejissor arasındakı söz atışması bununla bitməyib.

"Meduza"-ya danışan Zvyaqintsev Peskova cavabında deyib: “Bəli, bu tamamilə doğrudur — mənim səs hüququm yoxdur, necə ki, bu gün yüz milyonlarla rusiyalının da bu hüququ yoxdur. Çünki siz onların səsini heç vaxt eşitməmisiniz. Siz 2008-ci ildə həmvətənlərinizi “banderloq” hesab etdiniz. Eynilə, 2011-ci ildə, 2014-cü ildə və bütün digər mərhələlərdə.
İndi isə bizim qüdrətli qatarımız "dalan" stansiyasına yaxınlaşır. İndi mənim fikrimcə, bütün ölkə üçün yeganə düzgün, rasional və hətta bizi xilas edən şey ölkəmizin vətəndaşlarına 2022-ci ildən qalan riyakar "son səkkiz ildə harada idiniz" sualını vermək deyil, burada və indi prinsipial hərəkət etmək, mənasız və amansız müharibəyə son qoymaqdır. Dayanmasaq, bizi hansısa xəyali məqsəd naminə kədər və göz yaşlarından, məyusluq və depressiv laqeydlikdən, həmvətənlərinizin kəsilmiş əzalarından, ölkənin həyat və gələcək qurmaq üçün ehtiyac duyduğu gənclərin məhv edilməsindən başqa yaxşı heç nə gözləmir”.
Peskovla Zvyaqintsev arasındakı bu “duel”ə tanınmış jurnalist, “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov maraqlı müdaxilə edib.

O, bununla bağlı paylaşımında yazıb ki, rejissorun çıxışı Putinə çatdırılıb və Kreml dövlət kanallarına Zvyaqintsev barədə heç nə yaymamağı tapşırıb: “Məndən Dmitri Peskovun Andrey Zvyaqintsevin Kann Film Festivalındakı açıqlaması ilə bağlı şərhinə münasibət bildirməyim istəndi.
Gəlin bunu mənə məlum olan kontekstə salaq:
1. Prezident Putinə məlumat verilib(Zvyaqintsevin müraciəti nəzərdə tutulur-red.) və bu, bir faktdır.
2. Televiziya kanallarına təkcə Kann çıxışını deyil, həm də Andrey Zvyaqintsevin "Minotavr" filminin Kann Film Festivalının Qran Pri mükafatını qazanmasını yaymamaq "tövsiyə edilib” və bu da bir faktdır.
3. Dmitri Peskovun Zvyaqintsevin Donbasın bombalanması barədə danışmadığı üçün "qırğına son qoymaq" barədə danışmaq hüququ olmadığı arqumenti ilə tamamilə razı deyiləm. Söz azadlığını heç kim ləğv etməyib. Zvyaqintsevin çıxışı dəqiq, düzgün və sizi əmin edirəm ki, tam nöqtəyə dəyməsi mənasında effektli olub”.
Xatırladaq ki, Venediktov özünü müxalif düşüncəli birisi kimi təqdim etsə də, onun Kremllə sıx əlaqələri, hətta Peskovla yaxınlığı barədə çox danışlıb. Buna baxmayaraq, göründüyü kimi, o da rejissorun haqlı olduğunu etiraf etmək zorundadır...
C.Məmmədli
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.