Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) urbanizasiya, şəhər iqtisadiyyatı və dayanıqlı inkişaf sahəsində dünyanın ən nüfuzlu platformalarından biri kimi tarixə düşüb. Forum çərçivəsində şəhərlərin maliyyə dayanıqlılığı, torpaq idarəçiliyi, daşınmaz əmlak bazarının inkişafı və vergi siyasəti ilə bağlı mühüm müzakirələr aparılıb.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov "Report"a müsahibəsində forumun nəticələrini, Azərbaycanın qarşısında açılan imkanları və qiymətləndirmə institutunun gələcək rolunu dəyərləndirib.
- Ümumdünya Şəhərsalma Forumunun əsas nəticələrini necə qiymətləndirirsiniz? Azərbaycan bu tədbirdən nə qazanıb?
- WUF13 bir daha təsdiqlədi ki, şəhərlər artıq yalnız yaşayış məkanları deyil, qlobal iqtisadi artımın əsas mühərrikləridir. BMT-nin məlumatlarına görə, hazırda dünya əhalisinin təxminən 57 %-i şəhərlərdə yaşayır və 2050-ci ilədək bu göstəricinin 68 %-ə çatacağı gözlənilir. Eyni zamanda qlobal ÜDM-in 80 %-dən çoxu şəhərlərdə formalaşır. Bu səbəbdən müasir şəhərsalma siyasəti artıq memarlıq və tikinti məsələləri ilə məhdudlaşmır. İnvestisiya, maliyyə dayanıqlılığı, torpaq idarəçiliyi, rəqəmsallaşma və iqlim dayanıqlılığı kimi komponentləri özündə birləşdirir.
Azərbaycan üçün forumun ən böyük nəticəsi ölkənin beynəlxalq urbanizasiya gündəliyində fəal tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi oldu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" layihələri və rəqəmsal idarəetmə həlləri müasir şəhərsalma yanaşmalarının real tətbiq nümunəsi kimi təqdim edildi. Eyni zamanda forum yeni investisiya, texnologiya və ekspert əməkdaşlığı imkanlarının formalaşması baxımından mühüm platformaya çevrilib.
- Forum çərçivəsində daşınmaz əmlakın ədalətli vergisinin şəhərlərin inkişafında rolundan danışdınız. Bu mövzu niyə qlobal gündəmdədir?
- Çünki şəhərlərin maliyyə dayanıqlığının əsas dayaqlarından biri daşınmaz əmlak vergisidir. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində yerli büdcələrin əhəmiyyətli hissəsi məhz torpaq və daşınmaz əmlakla bağlı vergilər hesabına formalaşır. Lakin vergi sisteminin effektivliyi birbaşa qiymətləndirmənin keyfiyyətindən asılıdır. Əmlakın bazar dəyəri obyektiv müəyyən edilmədikdə həm büdcə gəlirləri azalır, həm də vergi yükünün ədalətli bölgüsü pozulur.
Beynəlxalq təcrübə göstərir ki, müasir kütləvi qiymətləndirmə sistemlərinin tətbiqi nəticəsində bir sıra ölkələrdə vergi bazası 15-30 faizədək genişlənib. Digər tərəfdən investorlar üçün də şəffaf və proqnozlaşdırıla bilən qiymət mexanizmi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan qiymətləndirmə institutu yalnız fiskal alət deyil, həm də investisiya mühitinin formalaşdırılmasının vacib elementidir.
- Şəhərsalma sahəsində yaxın illərdə hansı yeni yanaşmaların tətbiqini vacib hesab edirsiniz?
- Mən xüsusilə üç istiqaməti ön plana çıxarardım. Birincisi, iqtisadi təsir qiymətləndirilməsinin geniş tətbiqidir. Hər bir iri infrastruktur və ya şəhərsalma layihəsinin daşınmaz əmlak bazarına, məşğulluğa, biznes aktivliyinə və büdcə daxilolmalarına təsiri əvvəlcədən hesablanmalıdır. Bu, dövlət investisiyalarının daha səmərəli istiqamətləndirilməsinə imkan verir.
İkincisi, vahid rəqəmsal şəhər məlumat platformalarının yaradılmasıdır. Torpaq kadastrı, daşınmaz əmlak reyestri, şəhərsalma sənədləri və mühəndis-kommunikasiya infrastrukturu barədə məlumatlar inteqrasiya olunmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, belə sistemlər qərar qəbuletmə müddətini əhəmiyyətli dərəcədə qısaldır və planlaşdırma risklərini azaldır.
Üçüncü istiqamət torpaq resurslarının iqtisadi potensialının planlaşdırma prosesinə inteqrasiyasıdır. Torpaq yalnız fiziki ərazi deyil, iqtisadi kapitaldır. Onun bazar dəyərinin, gəlir yaratma imkanlarının və inkişaf perspektivlərinin düzgün qiymətləndirilməsi investisiyaların məhsuldarlığını artırır.
- Bu proseslərdə qiymətləndiricilərin rolu nədən ibarətdir?
- Müasir iqtisadiyyatda qiymətləndiricinin funksiyası bazar dəyərinin müəyyən edilməsindən xeyli genişdir. Bu gün qiymətləndiricilər investisiya planlaşdırılması, şəhər iqtisadiyyatının inkişafı və dövlət siyasətinin hazırlanması proseslərinin iştirakçılarına çevriliblər. Yeni nəqliyyat dəhlizi, sənaye zonası və ya iri yaşayış layihəsi həyata keçirilərkən ətraf ərazilərin iqtisadi dəyəri dəyişir.
Həmin dəyişikliklərin peşəkar hesablanması həm dövlət qurumlarının, həm də investorların daha əsaslandırılmış qərarlar qəbul etməsinə şərait yaradır. Avropa və Şimali Amerika təcrübəsində qiymətləndiricilər şəhər transformasiyası proqramlarında, dövlət-özəl tərəfdaşlığı layihələrində və torpaq idarəçiliyi proseslərində aktiv iştirak edirlər.
- Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri qiymətləndirmə sahəsi üçün hansı imkanlar yaradır?
- Azad edilmiş ərazilərdə faktiki olaraq yeni iqtisadi məkan formalaşır. Burada söhbət yalnız mövcud aktivlərin qiymətləndirilməsindən deyil, gələcək iqtisadi potensialın müəyyən edilməsindən gedir. Regionun torpaq ehtiyatları, kənd təsərrüfatı imkanları, logistika marşrutları, sənaye zonaları və turizm resursları üzrə iqtisadi dəyərin hesablanması strateji investisiya qərarlarının əsasını təşkil edəcək.
Eyni zamanda yeni daşınmaz əmlak bazarının formalaşması beynəlxalq qiymətləndirmə standartlarının tətbiqini daha da aktuallaşdırır. Xarici investorlar üçün şəffaf və etibarlı qiymətləndirmə sistemi investisiya risklərini azaldan əsas amillərdən biridir. Bu baxımdan qiymətləndirmə sektoru regionun iqtisadi reinteqrasiyasında mühüm rol oynayacaq.
- Dünyada şəhər iqtisadiyyatının maliyyələşdirilməsində infrastrukturun yaratdığı əlavə dəyərin yenidən inkişaf layihələrinə yönəldilməsi modeli geniş yayılır. Bu yanaşmanı necə qiymətləndirirsiniz?
- Bu gün dünyanın bir çox inkişaf etmiş şəhərlərində tətbiq olunan ən effektiv mexanizmlərdən biri məhz dəyər artımının maliyyələşdirilməsidir. Yeni metro xətti, magistral yol və ya logistika qovşağı tikildikdə ətraf ərazilərdə torpaq və daşınmaz əmlakın dəyəri əhəmiyyətli dərəcədə yüksəlir. Beynəlxalq araşdırmalar bəzi hallarda bu artımın 20-50 % arasında dəyişdiyini göstərir. Əsas məsələ həmin əlavə iqtisadi effektin düzgün ölçülməsidir.
Əgər dövlət investisiyasının yaratdığı dəyər peşəkar şəkildə hesablanırsa, əldə olunan əlavə gəlirlərin bir hissəsi yeni infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilə bilər. Beləliklə, şəhər inkişafı büdcə yükünü artırmadan özünü maliyyələşdirən davamlı mexanizmə çevrilir. Azərbaycanın sürətlə inkişaf edən şəhərlərində və xüsusilə Qarabağ regionunda bu modelin tətbiqi üçün kifayət qədər potensial mövcuddur.
- Forum günlərində Bakıda müşahidə olunan intensiv yağıntılar yağış sularının idarə olunması məsələsini yenidən gündəmə gətirib. Bu problemə yanaşma necə olmalıdır?
- İqlim dəyişiklikləri fonunda ekstremal hava hadisələrinin intensivliyi artır və yağış sularının idarə olunması artıq şəhər təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Bu məsələyə yalnız kommunal təsərrüfat problemi kimi yanaşmaq düzgün deyil. Burada şəhərsalma, mühəndis infrastrukturunun inkişafı, ekoloji davamlılıq və iqtisadi planlaşdırma bir-biri ilə sıx bağlıdır.
Müasir yanaşma drenaj və kollektor sistemlərinin yenilənməsini, su axınlarının rəqəmsal modelləşdirilməsini, daşqın risklərinin qabaqcadan qiymətləndirilməsini və yaşıl infrastruktur həllərinin tətbiqini nəzərdə tutur. Yaşıl zonalar, suyu müvəqqəti saxlayan parklar və keçirici örtüklər artıq bir çox şəhərlərdə daşqın riskinin azaldılmasında effektiv vasitə kimi istifadə olunur.
Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr mühüm əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə əsas vəzifə bütün tədbirlərin vahid şəhər dayanıqlılığı strategiyası çərçivəsində əlaqələndirilməsidir. Çünki etibarlı mühəndis infrastrukturu yalnız insanların təhlükəsizliyini və rahatlığını deyil, daşınmaz əmlakın bazar dəyərini, investisiya cəlbediciliyini və şəhərin uzunmüddətli iqtisadi rəqabət qabiliyyətini də müəyyən edir.