Avtomobil dünyasında köhnə bir status aforizmi var idi: "İtalyan sayağı geyin, fransızla öpüş, amma alman maşını sür". Lakin lüks avtomobil bazarında peydə olan yeni oyunçu bu mantranı kökündən sarsıdır. Çin rəsmən ultra-lüks seqmentinə daxil olaraq Böyük Britaniyanın dünya şöhrətli "Rolls-Royce" brendinə öz cavabını təqdim edib.
Bizim.Media xəbər verir ki, ikiçalarlı kuzov rəngi və ən zərif dəri salona malik 5,5 metrlik möhtəşəm "Maextro S800" sedanı alıcılara lüks seqment üçün kifayət qədər "mülayim" sayılan 172 000 dollara başa gələcək.
Müqayisə üçün qeyd edək ki, britaniyalı "Rolls-Royce"un qiyməti bütün əlavə seçimlərlə (opsiyalarla) birlikdə rahatlıqla 750 000 dollara çatır.
Yeni model Çinin Hefey şəhərində, İT nəhəngi Huawei-in iştirak etdiyi birgə müəssisədə yığılır və istehsal prosesində 1000-dən çox robot iştirak edir.
Əsrlik tarixə malik "Mercedes-Benz" və "Rolls-Royce" kimi brendləri kölgədə qoymaq üçün yaradılan "Maextro S800" dördqapılı elektrik-hibrid avtomobildir. Yaradıcıları onu "təkamülün təcəssümü" kimi xarakterizə edirlər. Avtomobilin təchizatına aşağıdakı ultra-müasir funksiyalar daxildir:
Süni intellektlə çalışan təkmil avtoparkinq sistemi;
Jestlərlə (əl hərəkəti ilə) idarə olunan qapılar;
Masaj funksiyalı və tam uzana bilən (otkidnoy) kreslolar;
"Rolls-Royce"dan ilhamlanaraq dizayn edilmiş "Ulduzlu səma" tavanı;
43 dinamikdən ibarət nəhəng səs sistemi və arxa sərnişinlər üçün salona fərdi kinoteatr ab-havası verən 40 düymlük ekranlar.
"The Wall Street Journal"ın məlumatına görə, avtomobilin qiyməti komplektasiyadan asılı olaraq 100 000 ilə 170 000 dollar arasında dəyişir. Bu, ABŞ-da "Mercedes-Maybach"dan iki dəfə, baza model "Rolls-Royce"dan isə dörd dəfə ucuzdur.
Üstəlik, bu hələ başlanğıcdır: "Huawei"in icraçı direktoru Riçard Yu gələcəkdə 300 000 dollarlıq daha bir ultra-premium model çıxaracaqlarına eyham vurub. Avtomobil sənayesinin mühafizəkarları üçün Çində lüks maşın istehsalı ideyası uzun müddət qeyri-real görünürdü. Lakin Çin qlobal avto-sənayeni sürətlə yenidən formalaşdırır: 2025-ci ildə ölkə rekord həddə — 8,32 milyon avtomobil ixrac edib (əvvəlki illə müqayisədə 29,9% çox). "Huawei" bəyan edib ki, satışlar başlayandan bəri müştərilərə artıq 17 000-dən çox "Maextro" markalı avtomobil çatdırılıb.
Bununla belə, ekspertlər Çin istehsalı ilə klassik brendlərin "lüks" anlayışları arasındakı fundamental fərqə diqqət çəkirlər. "Maextro" yüksək texnologiyalara, süni intellektə və total avtomatlaşdırmaya mərc etdiyi halda, "Rolls-Royce" kimi brendlər əl işinə, ənənələrə və təmkinliliyə üstünlük verirlər. Bu, rəqəmsal şou dövrü ilə "Sakit lüks" (Quiet Luxury) fəlsəfəsinin açıq qarşıdurmasıdır.
"Rolls-Royce"un top-menecerlərindən birinin nəşrə verdiyi şərhə görə, varlı alıcılar avtomobili "sakit bir sığınacaq" kimi görürlər və sonsuz qadcetlərlə əhatə olunmağa can atmırlar. Lakin smartfonlar və daimi rəqəmsal əlaqə mühitində böyüyən yeni, daha gənc zənginlər nəsli üçün Çinin lüks vizyonu dünya avtomobil sənayesinin gələcəyinə çevrilmək üçün böyük şansa sahibdir.
Bizim.Media