AZ

AZPROMO-nun rəhbəri: 4,5 il ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpasına təxminən 15 milyard dollar investisiya qoyulub

Bakı, 26 may, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın strateji prioritetlərindən biri olaraq qalır və bölgədəki bərpa işləri uzunmüddətli milli layihə kimi qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev “Sea Breeze”də keçirilən “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında bildirib.

O, xatırladıb ki, dövlət 2020-ci ildə ərazi bütövlüyü bərpa edildikdən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.

“Dörd il yarım ərzində bu ərazilərin bərpasına təxminən 15 milyard dollar investisiya qoyulub”, - deyə Abdullayev qeyd edib. AZPROMO rəhbəri vurğulayıb ki, bu, borc götürülmüş vəsaitləri və ya gələcək dövlət öhdəliklərini əhatə etmir; maliyyələşdirmə dövlət büdcəsi və yerli şirkətlərin iştirakı hesabına təmin edilir.

Y. Abdullayev əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun inkişafı onilliklər ərzində planlaşdırılır və müasir infrastrukturun yaradılmasını, iqtisadi inkişafı və investisiya cəlb etmək üçün yeni imkanların açılmasını ehtiva edir. Onun sözlərinə görə, davam edən islahatlar və infrastrukturun inkişafı xarici investorların Azərbaycana artan marağına töhfə verir.

Müxbir – Pərvanə Qafarova
Foto – İlqar Cəfərov
Video – İlham Nadirov
Seçilən
34
1
azertag.az

2Mənbələr