Cənubi Amerika ölkəsi Çilinin şimalında 6,9 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) yeraltı təkanların ölkənin şimalında yerləşən Kalama şəhərinin 31 kilometr şərqində qeydə alındığını açıqlayıb.
Məlumata görə, zəlzələ yerin 101 kilometr dərinliyində baş verib. İlk açıqlamalarda can itkisi qeydə alınmadığı bildirilib.
Çilinin Milli Fəlakətlərin Qarşısının Alınması və Müdaxilə Xidməti rəsmisi Felipe Plaza sosial media hesabında etdiyi paylaşımda ölkə sahilləri üçün sunami təhlükəsinin olmadığını açıqlayıb.
Çili dünyanın ən aktiv seysmik zonalarından biri hesab olunur. Ölkə Sakit okeandakı “Atəş halqası” üzərində yerləşdiyi üçün burada tez-tez güclü zəlzələlər baş verir.
Musavat.com