AZ

ABŞ Rusiyanı qabaqladı - Ermənistanda AES-in reaktorları dəyişdirilir...



Azər Həsrət: "Rusiyanı bizdən uzaqlaşdıracaq istənilən təşəbbüs bizim xeyrimizədir"

ABŞ Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə bağlı yeni enerji layihəsində iştirak etməyə hazırlaşır. Məlumata görə, köhnə Metsamor AES reaktorlarının gələcəkdə kiçik modul nüvə reaktorları ilə əvəz olunması müzakirə edilir.

Kiçik modul reaktorlar daha müasir və təhlükəsiz hesab olunur. Onlar adi böyük atom stansiyalarından daha az yer tutur, təhlükəsizlik sistemi daha güclü olur və mərhələli şəkildə qurula bilir. ABŞ son illərdə bu texnologiyanı müxtəlif ölkələrə təklif edir.

Ermənistan üçün bu layihənin əsas məqsədi köhnəlmiş Metsamor AES-i yeniləmək, enerji təhlükəsizliyini artırmaq və elektrik istehsalını uzunmüddətli saxlamaqdır.

Hazırkı Metsamor AES sovet dövründə tikilib və uzun illərdir təhlükəsizliklə bağlı müzakirələr mövcuddur. Buna görə Ermənistan yeni nüvə texnologiyalarına maraq göstərir.

ABŞ-ın bu layihədə iştirakı həm enerji əməkdaşlığı, həm də Vaşinqtonun Cənubi Qafqazda təsirini artırmaq cəhdi kimi qiymətləndirilir.

Rusiya buna necə reaksiya verəcək?

Rusiya, böyük ehtimalla, bu prosesə ehtiyatla və narahatlıqla yanaşacaq. Çünki Ermənistanın enerji sistemi, xüsusilə də Metsamor AES uzun illər Rusiyanın texniki və siyasi təsir dairəsində olub. Yeni layihədə ABŞ şirkətlərinin və texnologiyasının iştirakı Moskva üçün Cənubi Qafqazda təsirin azalması kimi görünəcək.

Rusiya, xüsusilə nüvə enerjisi sahəsində regionda əsas oyunçulardan biridir. Ermənistanın gələcəkdə Amerika texnologiyasına keçməsi Rusiyanın həm iqtisadi, həm də geosiyasi maraqlarına toxuna bilər. Buna görə Moskva diplomatik kanallarla prosesə təsir göstərməyə, alternativ təkliflər verməyə və ya öz nüvə şirkətləri vasitəsilə layihədə qalmağa çalışacaq.

Digər tərəfdən, Ermənistan tam şəkildə Rusiyadan uzaqlaşmaq riskini də nəzərə alır. Çünki ölkənin təhlükəsizlik və enerji sahəsində hələ də Moskva ilə ciddi əlaqələri var. Buna görə İrəvan balans siyasəti aparmağa çalışacaq - həm Qərblə əməkdaşlığı genişləndirmək, həm də Rusiya ilə münasibətləri tam pozmamaq.

Əgər layihə real mərhələyə keçsə, bu, Cənubi Qafqazda ABŞ-Rusiya rəqabətinin enerji sahəsində daha açıq şəkildə hiss olunmasına səbəb ola bilər.

Siyasi şərhçi Azər Həsrət Metsamor AES-nin yenilənməsi və ABŞ-ın regiondakı roluna dair fikirlərini "Bakı-Xəbər" qəzetinə açıqlayıb.

Şərhçi bildirib ki, Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdıracaq hər hansı bir təşəbbüsü həmişə dəstəkləyib: "İstər Ermənistan, istər Gürcüstan, istərsə də Azərbaycan ərazisində olsun, Rusiyanı regiondan uzaqlaşdıracaq addımlara dəstək vermək vacibdir".

Metsamorun yenilənməsinə münasibət bildirən Həsrət qeyd edib ki, bu, Azərbaycan üçün də faydalı ola bilər. O, bölgədə atom elektrik stansiyası kimi təhlükə mənbələrinin olmasını istəmədiyini vurğulayaraq əlavə edib: "Lakin qeyd edildiyi kimi, söhbət daha kiçik modullardan gedir və bunlar daha təhlükəsizdir. Üstəlik, obyektin üzərində ABŞ-ın təhlükəsizlik təminatı olacaq. Bu baxımdan arxayın olmaq olar ki, potensial təhlükə mənbəyi etibarlı əllərdədir".

Həsrət həmçinin Azərbaycanın da bu cür layihələrə cəlb edilməsinin yerində olacağını bildirib: "Azərbaycan regionun lider dövlətidir, böyük iqtisadiyyata malikdir, insan resursları və ərazisi daha böyükdür. Ermənistanın bütün çatışmazlıqları isə Azərbaycanla birbaşa bağlıdır. Bu baxımdan Azərbaycanın layihəyə qoşulması işin xeyrinə ola bilər".

Şərhçi eyni zamanda vurğulayıb ki, ABŞ xalqlar arasında sülhün və yaxınlaşmanın sürətləndirilməsi baxımından da Azərbaycanı bu layihəyə cəlb etməyi bir fürsət kimi dəyərləndirə bilər. Azər Həsrət sözlərini belə yekunlaşdırıb: "Nəticə etibarı ilə Rusiya Cənubi Qafqazdan nə qədər uzaqlaşarsa, bu, Qafqaz xalqlarının və dövlətlərinin bir o qədər xeyrinədir".

Akif NƏSİRLİ

Seçilən
1
baki-xeber.com

1Mənbələr