Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 26 may, AZƏRTAC
Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması və regional kommunikasiyaların inkişaf etdirilməsi investisiyaların cəlb edilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar aça bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev “Sea Breeze”də keçirilən “İnvestisiyaların yeni coğrafiyası” sessiyasında bildirib.
Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmadan sonra regional əməkdaşlığın növbəti mərhələsinə keçmək üçün əlavə imkanlar yaranıb.
Y. Abdullayev gələcək artım üçün əsas amillər kimi logistika marşrutlarının inkişafını və regionun nəqliyyat imkanlarının genişləndirilməsini göstərib.
AZPROMO rəhbəri regional əlaqələrin gücləndirilməsinin investisiya fəaliyyətinin artmasına kömək edəcəyini, Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi cəlbediciliyini artıracağını vurğulayıb.
O, həmçinin turizm sektorunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edib və sərhədlərin açılmasının xarici turist axınını artırdığını, infrastrukturun inkişafı və iqtisadi fəaliyyətin genişləndirilməsi üçün əlavə stimul yaratdığını bildirib.
Y. Abdullayev xatırladıb ki, 2018-ci ildə Azərbaycanda Dövlət Turizm Agentliyi yaradılıb və bu, ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqini gücləndirib.
Müxbir – Pərvanə Qafarova
Foto – İlqar Cəfərov
Video – İlham Nadirov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.