“Biz konfrans keçirmirik. Kimsə başına bir dəstə yığıb konfrans keçirmək, öz aləmində guya sədr seçmək istəyirsə, bu, qeyri-legitim yığıncaq olacaq. Elə bil çayxanada yığışıblar. Konfransı Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyi təyin edir. Bu dəqiqə nə konfransbazlıqdır ki? Nə olub? Nə xəbərdir? Ortada kino yox, bir şey yox... Kimsə vəzifə hərisliyinə uyub. Bu nə deməkdir?”
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu deyib.
O, rejissor Əli İsa Cabbarovun "Milyarderlər İttifaqı" ilə əlaqəsi barədə yayılan məlumatlara isə belə cavab verib: “Mən heç kimin şəxsi tərcümeyi-halına qarışmıram. Nə edirlər, özləri bilərlər... Kino İttifaqının rəhbərliyinin mövqeyi budur ki, qurultay keçirmək niyyətində deyilik. Bu, böyük maliyyə xərci tələb edən tədbirdir. Birdən-birə belə bir tədbir keçirmək legitim deyil. Bu saat maliyyə pozuntuları ilə bağlı Kinomatoqrafçılar İttifaqında Hesablama Palatasının yoxlaması gedir. Bu yoxlamanın nəticələri aydın olmadan, kim nə edib, kim müqəssirdir - bunlar müəyyənləşdirilmədən, qiymət verilmədən konfrans keçirilə bilməz. Bu barədə Ədliyyə Nazirliyinə də, yuxarı qurumlara da, mətbuata da məlumat vermişik. Yalançı konfrans keçirmək istəyənlər qoy məsuliyyət daşısınlar, hüquqi cəhətdən yanlış olan hərəkətlərinə görə cavab versinlər”.
Aytəkin Qardaşova