AZ

Milyarderin qatili edam edildi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çində milyarder oyun sahibkarı Lin Çini zəhərləyərək öldürməkdə təqsirləndirilən Şu Yao edam olunub.

"Cebheinfo.az" xəbər verir ki, BBC-nin yaydığı xəbərə görə, "Yoozoo Games"in qurucusu olan Lin, "Netflix"də dünya miqyasında böyük səs-küyə səbəb olan "3 Cisim Problemi" serialının çəkildiyi elmi-fantastik əsərlərin müəllif hüquqlarına sahib olan şirkətə rəhbərlik edirdi.

Şu Yaonun edamının mayın 21-də reallaşdığı iddia edilsə də, hökmün icrası Linin təsisçisi olduğu "Yoozoo Games" şirkəti tərəfindən çərşənbə axşamı verilən bəyanatla təsdiqlənib.

Şirkətin rəsmi açıqlamasında "Ədalət nəhayət ki, yerini tapdı" ifadəsi işlədilib. Bəyanatda həmçinin qeyd olunub: 

"Cənab Lini dərin kədərlə anır, ailəsinə ən səmimi təziyələrimizi çatdırırıq. Onunla çiyin-çiyinə mübarizə aparan iş yoldaşları olaraq, məhkəmə prosesinin qərəzsizliyinə görə minnətdarıq".

Yerli mətbuatın məlumatına görə, Şu Yao Lin Çinin onu şirkətdaxili qərar qəbul etmə proseslərində arxa plana keçirməsinə qəzəblənib.

Şunun Linin "Netflix"lə apardığı müqavilə prosesində rol oynadığı, lakin qısa müddət sonra şirkət daxilindəki nüfuzunun azaldıldığı bildirilib.

"Yoozoo Games" çinli yazıçı Lyu Cixinin  "Remembrance of Earth’s Past" (Yerin keçmişinin xatirəsi) elmi-fantastik trilogiyasının ekranlaşdırma hüquqlarına sahib idi.

"Netflix"in 2024-cü ildə nümayiş etdirdiyi "3 Cisim Problemi" serialı da məhz bu əsərlər əsasında çəkilib.

İddialara görə, Şu Yao ölümcül maddələri probiotik həb kimi qələmə verərək Lin Çiyə təqdim edib. 2020-ci ilin dekabrında səhhəti qəfildən pisləşən Lin xəstəxanaya yerləşdirilib. O, doqquz gün sonra, 39 yaşında vəfat edib.

Linin öldüyü dövrdə sərvətinin təxminən 6,8 milyard yuan (təqribən 1 milyard dollar) olduğu qeyd edilirdi.

Şu Yao 2024-cü ildə Lin Çi cinayətində təqsirli bilinmişdi. Məhkəmə bu zəhərləmə planını "son dərəcə rəzil və alçaq" addım kimi qiymətləndirib.

İstintaq çərçivəsində Şunun təkcə Lini deyil, başqa şəxsləri də zəhərlədiyi və bəzi insanların bu səbəbdən xəstələndiyi məlum olub.

Çin mətbuatında yer alan xəbərlərə görə, zərərçəkənlərdən biri edamdan sonra sosial şəbəkədə "Ədalət gec də olsa, nəhayət ki, gəlir" paylaşımını edib.

Lin Çinin ölümü Çində və beynəlxalq oyun sektorunda böyük əks-səda doğurmuşdu. Linin qurduğu Şanxay mərkəzli "Yoozoo Games" xüsusilə "Game of Thrones: 

Winter Is Coming" strateji oyunu ilə tanınırdı. Lin 2018-ci ildə Şu Yaonu elmi-fantastik seriya ilə bağlı layihələri idarə etmək üçün yaradılmış "Three-Body Universe" adlı törəmə şirkətin rəhbəri təyin etmişdi. 

Lakin 2020-ci ildə Linin iş proseslərinə başqa menecerləri cəlb etməsi səbəbindən iki şəxs arasında ciddi ixtilaf yarandığı vurğulanıb.

Lyu Cixinin əsərlərindən çəkilən "3 Cisim Problemi" 2024-cü ildə "Netflix"də yayımlandıqdan sonra platformanın ən çox izlənən ekran işlərindən birinə çevrilib. Lin Çinin adı ölümündən sonra serialın baş prodüserləri arasında yer alıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr