ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Rəsmi yaxud ictimai qurumlarda dini, irqi, milli, məzhəbi ayrıseçkilik salan, fəaliyyətini məzhəb meyarlarına görə təşkil edən şəxslər nəzarətə götürülməlidir. Məzhəbçilik bütün müsəlman aləmini əsrlərdir tənəzzülə sürükləyən, məhv edən, əzizlik məqamından zəlilliyə endirən yara, xəstəlik, virusdur. Mirzə Ələkbər Sabir məzhəbçiliyi haqlı olaraq mənəvi xəstəlik, “özümüzü kəsən qılınc” adlandırırdı”.
Gununsesi.info bildirir ki, bunu ilahiyyatçı Tural İrfan deyib:
“Pandemiyalar da bitir, müharibələrə də dayanır, lakin məzhəb xəstəliyi, məzhəb nifaqı bitmir.
Çünki çarəsi və müalicəsi çətin tapılan mərəzdir. Məzhəbçilik narkomaniyadan daha qorxulu, daha zərərlidir. Məzhəbçilər cəmiyyətə, xalqa, millətə, dinə, mənəviyyata narkomanlar qədər ziyan vururlar. Xalqın həmrəyliyini, vəhdətini pozur, öz aralarında daima mübarizə və mübahisə ab-havasını qorumaqla əslində rəqabət yaradaraq bir-birini inkişaf etdirirlər.
Bəzi xəstəliklər müəyyən mikroblarla qidalandığı kimi məzhəblər də bir-biri ilə qidalanırlar.
Bu xəstəliyin daşıyıcılarını (qeyd edim ki, “xəstəlik” termini M. Ə. Sabirə məxsusdur) ictimai vəzifələrə gətirmək, camaat arasına buraxmaq narkomanı narkotik maddələri təbliğ etmək üçün məktəbə buraxmaq kimidir. 30 ildən artıq müddətdə İslam dininə aid 600-dən artıq məzhəb, təriqət və cərəyanın mahiyyətini, yaranma – yaradılma səbəblərini, hədəflərini araşdırmış mütəxəssis olaraq deyə bilərəm ki, istənilən məzhəbə xas radikal məzhəbçi şəxs cəmiyyət üçün nüvə silahı qədər təhlükəlidir. Məzhəb xəstəliyi aludəçilik və asılılıq yaradan narkotik maddə ilə eynidir”.
O qeyd edib ki, xüsusilə televiziya, mətbuat sahəsində, ictimai – siyasi təşkilatlarda, ümumiyyətlə istənilən qurumda məzhəbçi şəxslər varsa orada mütləq nifaq, ayrıseçkilik, kin, qərəz, problem olacaq:
“Xüsusilə son zamanlar ictimai platformalarda, sosial şəbəkələrdə, vətəndaşlara münasibətdə hətta rəsmi və tanınmış şəxslərin də bəzilərinin bu xəstəliyə düçar olduğunun şahidi oluruq. Fərqli adlar, tarixi şəxsiyyətlərin obrazı altında gizlətdikləri məzhəbçilik virusunu yaymağa çalışırlar. Bu xəstəliyin müalicəsindən bəhs edən, bunun vacibliyini ortaya qoyan bizi kimilərini də təcrid edirlər. Əllərindəki səlahiyyətləri və imkanları məzhəbçilik meyarları ilə sərf edir, məzhəbçiliyə qarşı olanları baykot etdirir, hədəfə gətirirlər. Burada gizli xarici təsirlərin olmasını da istisna etmirəm”.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.