AZ

Venesiyada Rusiya qalmaqalı

Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Avropada böyük ölçüdə təcrid olunan mədəni və idman təsiri yenidən qayıtmağa başlayır.

Musavat.com xəbər verir ki, bu barədə Martina Sapionun “Politico” üçün hazırladığı geniş təhlildə diqqətçəkən məqamlar yer alıb.

Məqalənin əsas mövzusu Venesiya Biennalesində Rusiyanın pavilyonunun yenidən açılması və bunun Avropada doğurduğu siyasi mübahisələrdir.

Qeyd edək ki, Venesiya Biennalesi dünya incəsənətinin ən nüfuzlu forumlarından biri, beynəlxalq münsiflər heyətinin iştirakı ilə iki ildən bir keçirilən beynəlxalq incəsənət sərgisidir. Festival iki əsas hissədən ibarətdir: növbəli şəkildə keçirilən incəsənət biennalesi (La Biennale d’Arte di Venezia) və memarlıq biennalesi (La Biennale d’Architettura di Venezia); “biennale” adı da məhz iki ildən bir keçirilməsi ilə bağlıdır).

Avropanın ən nüfuzlu mədəni platformalarından biri sayılan Venesiya Biennalesində Rusiya pavilyonu Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə fəaliyyət göstərib. Kreml dəstəyi ilə təşkil edilən sərgi əvvəlcə jurnalistlər üçün cəmi üç gün açıq olsa da, qalmaqal yaratmağa kifayət edib. Çiçək kompozisiyaları, musiqili performanslar və teatr elementləri ilə zəngin ekspozisiya bir çoxları tərəfindən “yumşaq güc” siyasətinin yeni mərhələsi kimi qiymətləndirilib.

Avropa Parlamentinin vitse-prezidenti Pina Piciernonun fikrincə, Moskva istədiyinə nail olub:

“Onlar tam olaraq istədiklərini etdilər. Bu pavilyon ümumiyyətlə açılmamalı idi. Bu, rejim təbliğatına çevrilmiş himn idi”.

İtaliyanın baş nazir müavini, Putinə simpasiyası olduğu bilinən Matteo Salvini isə sərgini şəxsən ziyarət edib və mədəniyyətin siyasətdən kənar qalmalı olduğunu deyib. Lakin tənqidçilər Rusiyanın məqsədinin sadəcə sənət nümayiş etdirmək deyil, 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumdan sonra itirdiyi beynəlxalq legitimliyi bərpa etmək olduğunu düşünür.

Ukrayna pavilyonunun kuratoru Kseniya Malıx Rusiyanın iştirakını “müharibəni normallaşdırmaq cəhdi” adlandırıb. Onun sözlərinə görə, bu, təkcə incəsənət məsələsi deyil, siyasi mesajdır.

Qalmaqal biennale açılmadan əvvəl də başlayıb. Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas Rusiya iştirakına görə tədbirin maliyyələşdirilməsindən təxminən 2 milyon avronun kəsilməsini gündəmə gətirib. Avropanın 25 ölkəsi Rusiyanın sərgidən uzaqlaşdırılmasını dəstəkləyib, İtaliya hökuməti isə açılışı faktiki boykot edib.

Martina Sapionun yazısında vurğulanır ki, bu yalnız mədəniyyət sahəsində baş verən hadisə deyil. Son aylarda rusiyalı idmançıların müxtəlif beynəlxalq federasiyalar tərəfindən yenidən yarışlara buraxılması da Moskvanın beynəlxalq sistemə qayıdışının hissəsi kimi görünür. Ukraynanın gənclər və idman naziri Matvey Bednıy bütün bunlardan narahat olduğunu dilə gətirib. Litvalı deputat Petras Austreviçius isə Rusiyanın tarixən mədəniyyət və idmandan ideoloji məqsədlər üçün istifadə etdiyini, indi isə həmin vasitələrin Ukraynaya qarşı müharibəni əsaslandırmaq üçün işə saldındığını deyib.

Venesiyada gərginlik açıq hiss olunub. Ekspozisiya məkanlarında Ukraynada həlak olmuş 346 rəssamın xatirəsinə mavi-sarı stikerlər yapışdırılıb, bəzi yerlərdə isə “Venesiyada ölüm” şüarı ilə Kremlə eyham vuran mesajlar yerləşdirilib. Rusiya pavilyonunun qarşısında etirazçılar “NO PUTIN NO WAR” yazılı geyimlə dayanıb, bir gənc isə “Rusiya mənim bütün ailəmi öldürdü. Siz bunu normallaşdırmağa pul ödəyirsiniz” sözləri yazılmış plakat qaldırıb. Gürcü fəal Şalva Nikvaşvili Rusiyanın təkcə silahla deyil, “mədəniyyət, görünürlük və imicini təmizləmə” yolu ilə də savaş apardığını deyib.

Məqalənin sonunda əsas mübahisə ifadə azadlığı üzərində qurulur. Biennale təşkilatçıları Rusiya pavilyonunun bağlanmasını senzura sayır və “bütün səslər burada təmsil olunmalıdır” arqumentini irəli sürür. Lakin bir çox tənqidçi müharibə davam etdiyi müddətdə Rusiya mədəniyyətinin dövlət siyasətindən ayrı düşünülə bilməyəcəyini deyir.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr