AZ

Yevlax sakinlərini təşvişə salan hadisənin pərdəarxası — AÇIQLAMA

Yevlaxda güclü yağışdan sonra şəhər küçələrini bürüyən görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Çox sayda qurbağanın eyni vaxtda yollara axışması sakinlərdə çaşqınlıq yaradıb. Hətta paylaşılan videolarda iddia olunub ki, qurbağalar göydən yağışla birgə yağıb. Sakinlər arasında vahimə və maraq doğuran bu mənzərə qısa müddətdə gündəmi zəbt edib.

Hadisənin pərdəarxası isə tamamilə fərqlidir. Ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında məsələyə aydınlıq gətirərək bildirib ki, göydən canlı yağması iddiası sadəcə təxəyyül məhsuludur. Güclü yağışlar adətən yaxınlıqdakı gölməçələrdə, su kanallarında və rütubətli ərazilərdə gizlənən qurbağaların sığınacaqlarını su ilə doldurur. Nəticədə bu canlılar kütləvi şəkildə quru ərazilərə və asfalt yollara axışır. İnsanlar onları birdən-birə küçələrdə gördükdə isə göydən düşdüklərini zənn edirlər.

"Yağışdan sonra ətraf mühitdə qurbağaların ortaya çıxması mümkündür. Belə hallarda onlar adətən yaxınlıqdakı gölməçələrdən, kanallardan və ya yaş ərazilərdən çıxaraq daha çox hərəkət edir və görünən hala gəlirlər. Lakin onların göydən yağması kimi təqdim edilməsi elmi baxımdan əsaslı deyil. Bu cür iddialar daha çox yanlış təsəvvür və ya diqqət çəkmək məqsədilə yayılan uydurmalarla bağlı olur. Təbiətdə bəzən güclü külək və ya su axınları nəticəsində kiçik canlıların bir yerdən başqa yerə daşınması müşahidə olunsa da, bu, “göydən yağma” kimi izah edilə bilmə",- deyə ekoloq qeyd edib.

Dünya praktikasında güclü qasırğa və ya tornado zamanı kiçik su canlılarının havaya sovrularaq fərqli ərazilərə daşınması halları məlumdur. Lakin Yevlaxda oxşar kataklizm qeydə alınmayıb. Hazırkı mənzərə tamamilə təbii bioloji prosesdir. Küçələrə çıxan canlılar yağış sularının çəkilməsindən sonra yenidən öz təbii mühitlərinə geri dönəcəklər.

Yəni, Yevlaxda qurbağalar göydən yağmayıb, güclü yağış səbəbindən gizləndikləri su kanallarından və yuvalarından çıxaraq küçələrə axışıblar.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
25
1
demokrat.az

2Mənbələr