Avropa İttifaqı (Aİ) Rusiyanın təhdidlərindən və Qərb ölkələrinin Ukrayna paytaxtında mövcudluğunun azaldılması ilə bağlı çağırışlardan sonra diplomatik və mülki missiyalarını Kiyevdən çıxarmağı planlaşdırmır.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin Xarici İşlər Xidmətinin nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Brüssel Moskvanın bəyanatlarını təzyiqi gücləndirmək və Ukrayna ətrafında qorxu atmosferi yaratmaq cəhdi kimi qiymətləndirir.
"Rusiya bu cür təhdidlərlə panika yaratmağa çalışır. Onlar Ukraynanın qorxuya düşməsini və təcrid olunmasını istəyirlər, lakin bu baş tutmayacaq. Aİ Kiyevdə fəaliyyətini davam etdirir", - Hipper bəyan edib.
Hipper qeyd edib ki, Ukrayna paytaxtına və digər şəhərlərə hücumlar ölkənin mülki əhalisi üçün "gündəlik reallıq" olaraq qalır. Onun sözlərinə görə, yerlərdəki Avropa nümayəndə heyəti və Aİ-nin mülki missiyasının nümayəndələri də əvvəllər zərbələrə məruz qalıb.
"Mülki şəxslərə və qeyri-hərbi obyektlərə qarşı qəsdən edilən hücumlar müharibə cinayətləridir. Beynəlxalq humanitar hüququn bu cür pozulmasına görə bütün komandirlər, icraçılar və onların şərikləri məsuliyyətə cəlb olunacaqlar", - o deyib.