“ABŞ və İran arasında danışıqların dalana dirənməsinin əsas səbəbi məhz tərəflər arasında bəlli problemlərin nizamı və tənzimlənməsi ilə bağlı ortaq məxrəcə gələ bilməmələridir”.
Bunu “Cebheinfo.az”a açıqlamasında ABŞ-İran münasibətlərindən danışarkən politoloq Elşən Manafov deyib. O bildirib ki, ABŞ və İran arasında gərginlik dərinləşərək siyasi böhranı daha da kəskinləşdirir:

“ABŞ və İran arasında münasibətlərdə gərginlik hazırda davam edir və siyasi böhran daha da dərinləşib. Bundan əlavə, tərəflər arasında ABŞ-nin İrana təcavüzü, habelə İranın Hörmüz boğazı ətrafında yaratdığı logistik məhdudiyyətlər gərginliyin yüksələn xətt üzrə artmasına səbəb olub”.
Politoloq qeyd edib ki, ABŞ Pakistan vasitəçiliyi ilə aparılan danışıqlarda çərçivə sazişinə nail olunduğunu iddia edir:
“Hərçənd ABŞ tərəfi Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə çərçivə sazişinin əldə edildiyini bildirir. ABŞ-yə görə, çərçivə sazişi 60 günlük atəşkəsi, İranın zənginləşdirilmiş uranının MAQATE nəzarəti altında məhv edilməsini və ya uranın İranın etimad etdiyi bir dövlətə təhvil verilməsini, həmçinin Hörmüz boğazında nəqliyyatı iflic edən məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur”.
Elşən Manafov əlavə edib ki, İran Qərb sanksiyalarının ləğvi və dondurulmuş aktivlərin qaytarılmasını tələb edir:
“İran tərəfi isə Hörmüz boğazı ətrafında iqtisadi blokadanın aradan qaldırılması müqabilində Qərb banklarında dondurulmuş 27 milyard dollarlıq aktivlərin geri qaytarılmasını, İrana qarşı qüvvədə olan iqtisadi sanksiyaların dayandırılmasını, İranın neft və qaz satışını qanuni şəkildə həyata keçirmək hüququnun Qərb tərəfindən tanınmasını və nəhayət, İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun etirafını tələb edir”.