AZ

Təkcə mayda 3 mindən çox fermerə ziyan dəyib

Mayda Aqrar Sığorta Fonduna  müşahidə olunan güclü yağış, dolu, sel-subasma, fırtına və qasırğa halları ilə əlaqədar 19 rayondan 3 mindən çox müqavilə üzrə müraciət daxil olub. Bu barədə fonddan bildirilib. 

Müraciətlər Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Yardımlı, Zaqatala, Ağsu və Qazax rayonlarını əhatə edir.

Zərər müraciətləri ümumilikdə 39 min hektar əkin sahəsini əhatə edən müqavilələrlə bağlı olub.

Fond qeyd edib ki, ən çox müraciətlər Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrindən daxil olub.

Müraciətlər əsasən arpa, buğda, pambıq, eləcə də gilas, alma, şaftalı, nektarin, badam və qoz bağları üzrə qeydə alınıb.

Aqrar Sığorta Fondu bildirib ki, bütün müraciətlər qeydiyyata alınır, hadisələrin araşdırılması və zərərin hesablanması üçün bölgələrə ekspertlər göndərilir.

Fond fermerləri aqrar sığorta imkanlarından istifadə etməyə və xüsusilə pambıq sahələrini sığortalamağa çağırıb.

Gülnar Nazimqızı 

Seçilən
1
1
anews.az

2Mənbələr