AZ

Bulvarda qıza qarşı iyrənc cinayət: təhlükəsizlik və operativ polis müdaxiləsi

Xəbər verildiyi kimi, Gimnastika məşqçisi N.Kərimova paytaxtın Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda olarkən hücuma məruz qalıb.

O, hadisə ilə bağlı sosial şəbəkə hesabında video paylaşıb. Gənc qadının sözlərinə görə, hadisə mayın 22-si günorta saatlarında “Dəniz Mall”un yaxınlığında baş verib:

“Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən yaxınlaşdı və mənə fiziki təmas edərək təcavüz etdi. Əxlaqsız sözlər dedi. Ştativlə onu vurduqdan sonra yumruqla çənəmə zərbə endirdi. Müqavimət göstərdiyim zaman bıçaq çıxarıb üzərimə gəldi. Həmin vaxt yaxınlıqdan keçən bir oğlan müdaxilə edərək onun diqqətini yayındırdı və mən ərazidən uzaqlaşıb mühafizəçilərə müraciət etdim”.

N.Kərimova ona kömək edən şəxsə minnətdarlıq edərək hadisə barədə polisə məlumat verdiyini bildirib.

Məlumata görə, bulvar ərazisində qadına qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd kəsici-deşici alət aşkarlanıb və barəsində müvafiq hüquqi tədbirlər görülür.

Polis əməkdaşları hadisəni qısa müddətdə araşdıraraq şübhəli şəxsi müəyyən edib saxlayıb. Fakt ictimai təhlükəsizlik sahəsində operativ müdaxilənin və hüquq-mühafizə orqanlarının çevik fəaliyyətinin önəmini bir daha göstərib.

shemseddin_ali.jpg

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev hadisə ilə bağlı Musavat.com-a açıqlamasında cinayətlərin açılmasında operativliyin və müasir texniki nəzarət vasitələrinin rolunu vurğulayıb:

“Sovet dönəmində polisin məxfi şəbəkəsi güclü idi və qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılması, eləcə də cinayət törədən şəxslərlə bağlı məlumatların əldə olunmasında agentura sistemi mühüm rol oynayırdı. Bu mexanizm sayəsində hadisələrin üstü bəzən qısa müddətdə, bəzən isə müəyyən zaman keçdikdən sonra açılır, bütün detallar müəyyənləşdirilirdi. Amma bu gün vəziyyət fərqlidir. Dənizkənarı Milli Park kimi əhalinin intensiv istifadə etdiyi ictimai məkanlarda geniş texniki imkanlar mövcuddur. Hər yer kameralarla təchiz olunub və elə video görüntülər var ki, insan təsəvvür belə etmir – addımlar, hərəkətlər, hətta danışıq anları belə qeydə alınır. Cəmiyyət bəzən bunun fərqində olmur. Halbuki küçələrdə və insanların asudə vaxt keçirdiyi məkanlarda belə texniki avadanlıqların quraşdırılması cinayətkarlıqla mübarizədə çox ciddi töhfə verir.

COP29-un təhlükəsiz şəkildə keçirilməsi, həmçinin WUF 13 sessiyası zamanı ölkədə hər hansı ciddi cinayət faktorunun qeydə alınmaması polisin həmin məkanları effektiv nəzarətdə saxlamasının və cinayətkarlıqla mübarizədə dəstək verən texniki avadanlıqların, xüsusilə kameraların rolunu göstərir. Artıq əvvəlki dövrdə olduğu kimi geniş agentura şəbəkəsinə o qədər də ehtiyac qalmır. Çünki kifayət qədər kamera quraşdırılıb. Ən əsas da polisin prinsipial, çevik fəaliyyəti nəticəsində şübhəli şəxsin müəyyənləşdirilərək saxlanılması və istintaqa cəlb olunması qürurvericidir. Bu da polisin əməliyyat-axtarış fəaliyyəti və qanunvericiliyə uyğun atılan addımların tərkib hissəsidir”.

Kriminalist əlavə edib ki, ümumiyyətlə, xuliqanlıq tam bağlı qalan cinayətlər sırasında deyil:

“Bu əməllər adətən ictimai yerlərdə, vətəndaşlara qarşı açıq hörmətsizlik və həyasız davranışlarla törədilir. Şəxsin üzərində kəsici-deşici alətin, qatlanan və ya qatlanmayan bıçağın olması da müəyyən mənada onun niyyəti və əməli törətmə motivi barədə fikir formalaşdırır. Belə insanlar ya cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər, ya ailədaxili problemləri olur, ya da müəyyən psixoloji pozuntular yaşayırlar. Onlar davranışlarını nə ailədə, nə təhsil aldıqları mühitdə, nə də cəmiyyət daxilində qəlibə sala bilirlər. Məhz buna görə də müşahidə kameralarının mövcudluğu və medianın bu istiqamətdə dəstəyi vacibdir. Belə hadisələrin işıqlandırılması cinayətkarlıqla mübarizə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir və profilaktik təsir baxımından da mühüm əhəmiyyət daşıyır. Bu cinayətkarın bu qədər tez və operativ şəkildə yaxalanması, zərərsizləşdirilməsi baş verə biləcək təkrar cinayətlərin qarşısını alıb”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr