AZ

Rubio İrəvanda hansı sənədləri imzaladı? – VİDEO

ABŞ-ın dövlət katibi Marko Rubio Ermənistana qısamüddətli və ulduz sürətli işgüzar səfər edib. İrəvanın "Zvartnos" beynəlxalq hava limanında bir saatdan da az vaxt keçirən ABŞ rəsmisi bu müddət ərzində Ermənistan rəhbərliyi ilə üç mühüm sənəd imzalayıb, qarşıdan gələn seçkilər ərəfəsində hakim partiyaya açıq siyasi dəstək nümayiş etdirib və ölkəni tərk edib.

Bizim.Media xəbər verir ki, ABŞ Dövlət katibini və onun xanımı Caneti (Janet) təyyarənin pilləkənləri yanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xanımı qarşılayıb. İki ölkənin xarici siyasət idarələri rəhbərlərinin rəsmi görüşü və sənədlərin imzalama mərasimi elə hava limanındaca baş tutub.

Hava limanında keçirilən təntənəli mərasimdə Ararat Mirzoyan və Marko Rubio aşağıdakı üç mühüm sənədə imza atıblar:

Strateji Əməkdaşlıq haqqında Nizamnamə;

"TRIPP" layihəsi çərçivəsində strateji tərəfdaşlığa dair çərçivə sazişi;

İki ölkə arasında kritik mineralların və nadir qazıntıların tədarükünün təmin edilməsinə dair çərçivə planı (memorandum).

Sənədlərin imzalanmasından sonra çıxış edən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Vaşinqton-İrəvan münasibətlərinin hazırkı mərhələsini "tarixi cəhətdən görünməmiş və misilsiz" adlandırıb.

ABŞ Dövlət katibi brifinq zamanı Cənubi Qafqazda "sülh siyasəti" yürütdüyünü iddia edən Ermənistanın hazırkı hakimiyyətinə rəsmi Vaşinqtonun tam dəstəyini ifadə edib:

"Siz, Baş nazir və bütün Ermənistan komandası ölkəniz üçün daha parlaq və müstəqil gələcəyə doğru yol açırsınız. Biz bu siyasi kursa dəstəyimizi ifadə etməkdən məmnunuq. Bu prosesin bir hissəsi olmaqdan qürur duyuruq və birlikdə daha böyük işlər görməyə hazırıq".

M.Rubio, həmçinin əlavə edib ki, tərəfdaşlıq yalnız "TRIPP" layihəsi ilə məhdudlaşmır və ABŞ ikitərəfli əlaqələri inkişaf etdirərək daha böyük nəticələr əldə etmək niyyətindədir.

İmzalanan müqavilələrin əhəmiyyətinə toxunan Ararat Mirzoyan bəyan edib ki, bu razılaşmalar təkcə İrəvan üçün deyil, bütövlükdə region üçün "görünməmiş imkanlar" vəd edir.

O, Cənubi Qafqazın digər dövlətlərini də bu əməkdaşlığa qatılmağa çağırıb:
 

"Bu gün imzalanan bütün sazişlər Ermənistanın maraqlarına tam cavab verir. Konstruktiv yanaşma nümayiş etdirərək bu layihələrə qoşulacaq digər regional ölkələr üçün də burada böyük imkanlar var".


Mərasim bitdikdən dərhal sonra ABŞ nümayəndə heyəti hava limanından Vaşinqtona yola düşüb.


Bizim.Media

Seçilən
10
2
bizim.media

3Mənbələr