Bakı, 26 may, AZƏRTAC
Peşə tanınması üzrə növbəti imtahan iyunun 16-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər iyunun 12-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə buraxılış vərəqəsini çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə DİM-in saytında tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılır.
Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.