Zərdabda güclü yağış fəsadlar törətdi -
Zərdabda güclü yağışlar su basmalara səbəb olub.Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Zərdab rayonunda yağan güclü leysan xarakterli güclü yağış bir sıra ərazilərdə ciddi fəsadlar törədib. Rayonun küçə və yaşayış massivlərində yağış və qrunt sularının artması nəticəsində evlərə və həyətyanı sahələrə su dolub. Yerli sakinlər yaranan bu vəziyyətdən ciddi narahat olduqlarını qeyd ediblər. Aidiyyəti üzrə qurumlar tərəfindən ərazilərdə suyun çəkilməsi istiqamətində tədbirlər görülür. Ən çox ziyan dəyən ərazilərdən biri rayonun Azərbaycan küçəsi olub. Qarasu çayının sol sahilində yerləşən küçədəki çoxmənzilli yaşayış binalarının zirzəmiləri, həyətyanı sahələri və küçələr su altında qalıb. Suyun səviyyəsinin yüksəlməsi səbəbindən ərazidə avtomobillərin hərəkəti dayandırılıb, sakinlərin binalara giriş-çıxışında çətinlik yaranıb. Leysan yağışlarının yaratdığı problemlər Qumlu yaşayış massivində və rayonun digər küçə və prospektlərində də müşahidə olunub. Fərdi yaşayış evlərinin həyətlərinə, zirzəmilərinə və yardımçı tikililərinə su dolub. Sakinlərin sözlərinə görə, yağan intensiv yağışlarla yanaşı, qrunt sularının qalxması da vəziyyəti daha da çətinləşdirib. Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin polkovnik-leytenantı Polad Ağayev bildirib ki, 2 ədəd motopompa vasitəsilə 4 nəfər şəxsi heyət növbətçilik qrafiki əsasında ərazilərdə yığılan suların çəkilərək digər istiqamətlərə ötürülməsini təşkil edib. Eyni zamanda, Aran Regional Mərkəzinin əməkdaşları da hadisə yerinə cəlb olunub. ZD-108 markalı motopompa vasitəsilə sular yaxınlıqdan keçən Türyançay çayına ötürülür. Hazırda ərazilərdə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Xatırladaq ki, aidiyyəti qurumlar bildirirlər ki, su basmasına məruz qalan ərazilərdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Davud Tarverdiyev / Metbuat.az