Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 26 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Qurban bayramı günlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bayram günlərində əhaliyə göstərilən baytarlıq xidmətlərinin operativ və təhlükəsiz təşkili, heyvan sağlamlığının qorunması, eləcə də sanitariya-gigiyena tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə Agentlik tərəfindən respublikanın bütün bölgələrində diri heyvan satış yerlərində və kəsim məntəqələrində baytar mütəxəssislər təhkim olunub.
Müvafiq qurumlarla koordinasiyalı şəkildə müəyyən edilmiş diri heyvan satış və kəsim məntəqələrində baytarlıq-sanitariya nəzarəti və heyvanların kliniki müayinələri həyata keçirilir. Baxış zamanı heyvanların sağlamlıq vəziyyəti yoxlanılır, xəstəlik əlamətləri müşahidə olunduqda isə operativ baytarlıq yardımı göstərilir.
Eyni zamanda, diri heyvan satış yerlərində və kəsim məntəqələrində dezinfeksiya tədbirləri gücləndirilib. Qurban bayramından əvvəl və bayram günlərinin sonunda dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə xüsusi dezinfeksiya vasitələri və texniki avadanlıqlar ərazilərə cəlb olunub.
Hazırda Bakı şəhəri Seyid Cəfər Pişəvari 2A ünvanında təşkil olunmuş diri heyvanların satış yerlərində bayramdan öncə ərazidə dezinfeksiya tədbirləri həyata keçirilir. Bayramdan sonra da tədbirlər davam etdiriləcək.







Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.