Xankəndi, 26 may, AZƏRTAC
Qarabağ Universitetində keçirilən Beynəlxalq BMT Modeli Konfransı – “QUMUN 2026” başa çatıb. Mayın 23-25-də keçirilən konfransa 20-dən çox ölkədən 100-dən artıq yerli və xarici tələbə və gənc qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Gənclərin Beynəlxalq Dialoq Platformasının təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilib.
Konfransda Azərbaycanın 15 ali təhsil müəssisəsində beynəlxalq münasibətlər, hüquqşünaslıq, tarix, regionşünaslıq, iqtisadiyyat, tibb və digər ixtisaslar üzrə təhsil alan tələbələr, həmçinin 15 ölkədən tələbə və məzunlar iştirak ediblər.
İştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura (ECOSOC) və Beynəlxalq Ədalət Məhkəməsi üzrə simulyasiya sessiyalarında müxtəlif ölkələrin nümayəndələri rolunda çıxış ediblər.
Təhlükəsizlik Şurasında “Dəniz dəhlizlərinin təhlükəsizliyinin gücləndirilməsi”, UNESCO-da “Münaqişə sonrası şəhər ərazilərində mədəni irsin qorunması və bərpası”, ECOSOC-da “2030 gündəliyinin gücləndirilməsi” mövzuları müzakirə edilib. Beynəlxalq Ədalət Məhkəməsinin simulyasiyasında müzakirələr “Mina zərəri görmüş ərazilərdə münaqişə sonrası yenidənqurma, köçkünlərin təhlükəsiz qayıdışı, işğal, ərazi bütövlüyü və şəhərlərin bərpasına dair BMT Konvensiyası” layihəsinin şərhi üzərində qurulub.
Sessiyaların yekununda hər komitə üzrə qətnamələr qəbul olunub. Beynəlxalq Ədalət Məhkəməsi komitəsinin yekun qərarı Xankəndi Şəhər Məhkəməsində oxunub.
“QUMUN 2026” çərçivəsində iştirakçılar üçün mədəniyyət gecəsi və Şuşa şəhərinə səfər də təşkil olunub. Mədəniyyət gecəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin musiqi və rəqs çıxışları nümayiş etdirilib. Bununla yanaşı, indoneziyalı iştirakçı tərəfindən milli rəqs nümunələri təqdim olunub.
Konfransın sonunda fərqlənən iştirakçılar “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debatçı”, “Ən yaxşı mövqe sənədi” və “Xüsusi fərqlənmə” nominasiyaları üzrə mükafatlandırılıblar.
Qeyd edək ki, “QUMUN 2026” layihəsi “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə vermək, gənclərin beynəlxalq diplomatiya və liderlik bacarıqlarını inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və onların beynəlxalq əməkdaşlıq və sosial-iqtisadi inteqrasiya proseslərində fəal iştirakını dəstəkləmək məqsədi daşıyıb.
Müxbir – Tahir Ağaməmmədov