AZ

Rusiya "qanuni oğru“ların OVUNA çıxıb - Növbə kimindir?

Rusiyanın kriminal aləminin ən tanınmış simalarından biri “Omar Ufimski” ləqəbi ilə tanınan 69 yaşlı çeçen “qanuni oğru” Omar Bekayev yenidən həbs olunub.

Musavat.com xəbər verir ki, bu həbs bir kriminal avtoritetin saxlanılması deyil. Moskvanın son addımı göstərir ki, Kreml “qanuni oğru” institutuna qarşı yeni və daha sərt mərhələyə start verib.

Rusiyanın kriminal xəbərləri ilə tanınan “Prime Crime” portalının məlumatına görə, Bekayev Moskvada saxlanılıb və dərhal Başqırdıstana etap edilib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin məşhur kriminal iyerarxiyada ali mövqe tutma maddəsi ilə ittiham irəli sürülüb. Maraqlıdır ki, bu, Omar Ufimskinin həmin maddə ilə ilk həbsi deyil. O, 2021-ci ildə də eyni ittihamla 11 il xüsusi rejimli cəza almışdı. Lakin sonradan səhhəti ilə bağlı vaxtından əvvəl azadlığa buraxılmışdı. İndi isə Rusiya güc strukturları açıq mesaj verir: “qanuni oğru” statusundan imtina etməyənlər üçün geri dönüş yoxdur.

Tanınmış

Son illər Rusiyada “qanuni oğru”lara qarşı sistemli kampaniya aparılır. Bu siyasətin əsas memarlarından biri Rusiya hüquq-mühafizə sistemində sərt xətti ilə seçilən İgor Krasnov hesab olunur. Əslində Kremlin məqsədi təkcə kriminal aləmi zəiflətmək deyil. Müharibə, iqtisadi təzyiqlər və daxili təhlükəsizlik problemləri fonunda Moskva paralel hakimiyyət mərkəzlərini sıradan çıxarmağa çalışır. Çünki postsovet məkanında “qanuni oğrular” uzun illər yalnız kriminal avtoritet deyil, həm də böyük maliyyə, kölgə iqtisadiyyatı və regional təsir şəbəkələrinin rəhbərləri olublar. Omar Ufimskinin həbsi də məhz bu strategiyanın davamı sayılır.

Mənbələrin məlumatına görə, hazırda aktiv olan altı çeçen “qanuni oğru”dan yalnız Omar Bekayev bu maddə ilə təkrar məsuliyyətə cəlb edilir. Bu detal təsadüfi sayılmır. Kriminal aləmdə yaşına görə ən böyüklərdən biri hesab olunan Omarın həbsi həm də simvolik xarakter daşıyır. Kreml göstərmək istəyir ki, yaş, xəstəlik və keçmiş nüfuz artıq toxunulmazlığı təmin etmir. Məqalədə adı keçən digər kriminal fiqurlar – Hüseyn Slepoy, Əziz Batukayev və Timur Saratovski postsovet kriminal tarixində xüsusi çəkisi olan şəxslərdir. Xüsusilə “Şakro Molodoy” kimi tanınan Zaxar Kalaşov tərəfindən 1999-cu ildə həyata keçirilən “taclandırma” prosesi bu gün də kriminal aləmdə mühüm dönüş nöqtəsi hesab olunur. Həmin dövr İkinci Çeçen müharibəsinin başlanğıc mərhələsinə təsadüf edirdi və kriminal şəbəkələrin siyasi balansda müəyyən rol oynadığı iddia olunurdu.

Moskvanın son əməliyyatları kriminal aləmdə daha böyük fiqurlara xəbərdarlıq kimi qiymətləndirilir. Xüsusilə Zaxar Kalaşov üçün vəziyyət ağırlaşacaq. Məlumata görə, onun Krasnodardakı “polojenes”i sayılan Dato Gudadze barəsində də cinayət işinin açılması Kremlin daha geniş “təmizləmə” planından xəbər verir. Bu isə o deməkdir ki, Rusiya hüquq-mühafizə sistemi artıq təkcə küçə kriminalını deyil, kriminal iyerarxiyanın özünü dağıtmağa çalışır.

Ekspertlər hesab edir ki, Rusiyada başlayan yeni sərt kurs postsovet məkanından olan bütün kriminal avtoritetlər üçün riskləri artırır. Bu sıraya Rusiya həbsxanalarında və kriminal çevrələrdə nüfuzu olan azərbaycanlı “qanuni oğrular” da daxildir.Çünki yeni strategiya artıq konkret cinayət epizodundan çox, şəxsin kriminal statusunu hədəfə alır. Başqa sözlə, əvvəllər konkret əməl sübut edilməli idisə, indi kriminal iyerarxiyada ali mövqe ittiham üçün kifayət hesab olunur. Bu isə hüquqi baxımdan çox mübahisəli mexanizm sayılsa da, Rusiya məhkəmələri son illər həmin maddə üzrə ard-arda sərt hökmlər çıxarır. Kremlin mesajı aydındır - “qanuni oğru” anlayışı Rusiyanın yeni təhlükəsizlik modelində artıq qəbul edilmir. Moskva kriminal romantikanın deyil, total nəzarətin dövrünə keçir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr