Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Naxçıvan, 26 may, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu ilə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında rəqəmsal transformasiya, insan kapitalının inkişafı və innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində dövlət proqramlarından irəli gələn strateji vəzifələrin icrası çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunmuş rəsmi görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə MDU-nu Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayeva, Rəqəmsal inkişaf və informasiya texnologiyaları departamentinin direktoru Elçin Tağıyev, İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə və Strateji inkişaf şöbəsinin layihələr üzrə koordinatoru Aynur Quliyeva təmsil edib. Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən isə Aparat rəhbəri Əziz Hümbətov, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin direktor müavini Hüseyn Əsgərli, nazirliyin Texnoloji inkişaf şöbəsinin müdiri Ruhən Əsgərov, eləcə də aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Müzakirələrdə rəqəmsal transformasiyanın gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş strateji dövlət proqramları çərçivəsində prioritet istiqamət kimi vurğulanıb. Görüş zamanı rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi, kibertəhlükəsizlik mühitinin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı və insan kapitalının formalaşdırılması üzrə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan dövlət sənədləri çərçivəsində tərəflər rəqəmsal bacarıqların inkişafı, innovativ insan kapitalının formalaşdırılması, süni intellekt və data əsaslı idarəetmə modellərinin tətbiqi, eləcə də kibertəhlükəsizlik sahəsində institusional potensialın gücləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə xüsusilə “MDU EcoTech - Camp 2026” layihəsi üzrə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub. Layihənin əsas məqsədi gənclərin süni intellekt, kibertəhlükəsizlik, yaşıl texnologiyalar, startap inkişafı və idman analitikası sahələrində inteqrasiyalı və tətbiqyönümlü bacarıqlarının formalaşdırılmasıdır. Vurğulanıb ki, “MDU EcoTech - Camp 2026” Azərbaycanda ilk dəfə olaraq təlim, tətbiq, yarış, startap, tədqiqat və beynəlxalq əməkdaşlıq komponentlərini birləşdirən çoxmərhələli innovativ kamp modeli kimi hazırlanır. Layihənin bu ilin iyul–avqust aylarında 4–5 günlük intensiv proqram formatında keçirilməsi nəzərdə tutulur. Bu müddət ərzində iştirakçılar laborator fəaliyyətlərə, komanda əsaslı layihələrə, real problem həllərinə, prototipləşdirməyə və çoxmərhələli yarışlara cəlb olunacaqlar.
Layihədə ilkin mərhələdə Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin iştirakı planlaşdırılır. Növbəti mərhələlərdə isə digər yerli və beynəlxalq ali təhsil müəssisələrinin də qoşulması nəzərdə tutulur. İştirakçıların seçimi müsabiqə və qiymətləndirmə əsasında həyata keçiriləcək. Layihənin beynəlxalq komponenti çərçivəsində Türkiyənin aparıcı ali təhsil müəssisələri olan ODTÜ, OSTİM Texniki Universiteti, Qazi Universiteti, Düzcə Universiteti və Atatürk Universitetinin mütəxəssislərinin təlimçi, mentor, ekspert və qiymətləndirici qismində iştirakı nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində süni intellekt, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, yaşıl texnologiyalar, startap ekosistemi və data analitikası üzrə ustad dərsləri və praktiki sessiyalar keçiriləcək.
“MDU EcoTech - Camp 2026” layihəsinin əsas modulları süni intellekt və rəqəmsal transformasiya, “EcoTech” və dayanıqlı inkişaf texnologiyaları, kibertəhlükəsizlik və CTF yarışları, “Smart Sports” və idman analitikası, eləcə də startap və innovasiya laboratoriyası istiqamətlərini əhatə edəcək. Final mərhələdə “AI & EcoTech Hackathon”, “Green Startup Competition”, “Cyber Security Challenge”, “Smart Sports Challenge” və “Demo Day” formatında təqdimatlar keçiriləcək. Layihələrin qiymətləndirilməsi innovasiya səviyyəsi, tətbiq potensialı, sosial təsir, texniki icra imkanları, davamlılıq və komanda işi göstəricilərinə əsaslanacaq.
Müxbir – Vüsalə Cənnətova






Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.