Azərbaycanda ali məktəblərə qəbul imtahanları başa çatdıqdan sonra hər il eyni mənzərə təkrarlanır: DİM-in imtahanında minimum həddi belə keçə bilməyən, hətta 23 bal kimi simvolik nəticə göstərən yüzlərlə gənc tələbə adını qazanır. Amma ölkədə yox, xaricdə. Metbuat.az xəbər verir ki, imtahan vermədən, sadəcə orta məktəb attestatı ilə xarici universitetlərə qəbul son illərin ən böyük biznes şəbəkələrindən birinə çevrilib. Hazırda təkcə Türkiyə universitetlərində 20 mindən çox azərbaycanlı təhsil alır və acı reallıq budur ki, onların yarıdan çoxu vaxtilə DİM imtahanlarında uğur qazana bilməyən, attestatla gedənlərdir. Bu prosesin pərdəarxasında isə böyük vəsait dövr edir. Abituriyentin attestatını götürüb onun adını siyahıya yazdırmaq üçün xaricdə təhsil şirkətləri 1500-2000 manat arasında xidmət haqqı tələb edirlər. Bəs bu pullar gələcəyə yatırılan investisiyadır, yoxsa sadəcə illüziya?Attestatla qəbulun “müsbət” və mənfi tərəfləri İlk baxışdan bu sistem gənclər üçün ikinci bir şans sayıla bilər. “Müsbət” tərəfi odur ki, gənclər imtahan stressi yaşamadan, bürokratik əngəllər olmadan xaricdə ali təhsil almaq imkanı qazanırlar. Lakin orta məktəb proqramını mənimsəməyən gənclərin birbaşa auditoriyaya oturması texnologiya əsrində cəmiyyət üçün yaxşı perspektiv vəd etmir. Digər bir problem isə valideynlərin həm şirkətlərə, həm də ölkədən kənarda yaşayış xərclərinə minlərlə manat vəsait xərcləməsidir. Ölkədən milyonlar çıxır, əvəzində isə ölkəyə gələcəkdə çox vaxt heç nəyə yaramayan diplom daxil olur. Çox vaxt attestatla qəbul olan gənclərin bəziləri geri qayıdanda həmin diplomu da gətirə bilmirlər. Burada vacib bir məqamı da qeyd etmək yerinə düşərdi: Xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər tələbələri əksər hallarda Türkiyənin reytinqsiz, səviyyəsi aşağı olan əyalət universitetlərinə yerləşdirirlər. Bu gedişat hansı təhlükələri vəd edir?Vurğulayaq ki, bu sadəcə bir təhsil məsələsi deyil, artıq ciddi sosial və milli təhlükəsizlik problemidir. İctimai diqqəti bu dörd əsas təhlükəyə yönəltməliyik: 1. Attestatla gedən tələbələrin böyük əksəriyyəti oğlanlardır. Buradakı əsas məqsəd elm öyrənmək yox, sadəcə hərbi xidmətdən möhlət hüququ almaq və ölkəni tərk etməkdir.2. Orta məktəbdə zəif oxuyan, 23 bal toplayan bir gəncin xarici universitetin proqramını oxuyub bitirməsi faktiki olaraq qeyri-mümkündür. Nəticədə onların böyük hissəsi 3-4 illik macəradan sonra universitetdən xaric olunurlar.3. Universitetdən qovulan və ya dərslərə getməyən gənclər ölkəyə qayıtmır. Onlar İstanbul, Antalya, Alanya, Bodrum kimi böyük şəhərlərə və kurort bölgələrinə üz tutur, ucuz işçi qüvvəsi kimi xidmət sektorunda, otellərdə yarımçıq işlərdə fəaliyyət göstərirlər. Beyin axını əvəzinə, işçi axını baş verir. 4. Bu gənclər birtəhər diplom alıb qayıtsalar belə, həmin sənədlərin Azərbaycanda tanınması (nostrifikasiyası) sual altında qalır. Tanınsa belə, 23 ballıq baza ilə gələcəyin hansı həkimini, mühəndisini və ya müəllimini yetişdiririk?Əlbəttə, ali təhsil almaq hər bir insanın hüququdur. Amma unudulmamalıdır ki, pul qarşılığında alınan status diplom ola bilər, amma savad və gələcək əsla…Səbinə Hüseynzadə / Metbuat.az