Musavat.com xəbər verir ki, Rusiya ilə Qərb arasında diplomatik gərginlik daha da kəskinləşib. Moskvanın Kiyevdə fəaliyyət göstərən xarici diplomatlara yönəlmiş hədələrindən sonra Avropa İttifaqı və bir sıra Avropa ölkələrinin səfirlikləri Ukrayna paytaxtını tərk etməyəcəklərini bəyan ediblər.
Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova Rusiyanın son açıqlamalarını “riyakar ritorika” adlandırıb. O bildirib ki, Moskva qorxu, panika və Ukraynanın təcrid olunmasına nail olmağa çalışır, lakin bu plan baş tutmayacaq.
Diplomat vurğulayıb:
“Rusiya yenidən diplomatları və xarici vətəndaşları hədələyərək Kiyevi tərk etməyimizi tələb edir. Amma biz heç yerə getmirik. Bu, güc əlaməti deyil, ümidsizlik əlamətidir. Avropa İttifaqı Kiyevdə qalır və Ukraynanın yanında olmağa davam edir”.
Məlumata görə, Fransa, Almaniya və Polşa səfirlikləri də fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklərini açıqlayıblar.
Polşa səfirliyinin açıqlamasında Rusiyanın “təxribatçı ritorikasına boyun əymədikləri” xüsusi qeyd olunub. Diplomatik nümayəndəlik bildirib ki, Kreml hərbi yolla nail ola bilmədiyi siyasi məqsədləri terror və qorxu yolu ilə əldə etməyə çalışır:
“Rusiya Ukraynaya, onun mülki əhalisinə və Kiyevdəki xarici diplomatik nümayəndəliklərə qarşı terror siyasətini davam etdirir”.
Gərginliyi daha da artıran açıqlama isə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev tərəfindən verilib. O, sosial şəbəkədə paylaşdığı mesajda Avropa diplomatlarını açıq şəkildə hədələyib:
“Aİ bəyan edib ki, Rusiyanın xəbərdarlıqlarına baxmayaraq Kiyevdə diplomatik mövcudluğunu dəyişməyəcək. Görünür, onların artıq diplomatları çoxdur və heyəti azaltmağa ehtiyacları var”.
Bu açıqlamalar Qərbdə ciddi narahatlıq doğurub. Müşahidəçilər hesab edirlər ki, Kremlin diplomatik nümayəndəliklərə yönəlmiş bu cür sərt mesajları Ukrayna müharibəsi fonunda Rusiyanın artan siyasi və hərbi təzyiqlərinin yeni mərhələyə keçdiyini göstərir.
Musavat.com