ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
“Vaşinqtonun zəmanətləri artıq əvvəlki kimi qəbul edilmir”
“Yeni təhlükəsizlik dövrü başlayır, dövlətlər öz gücünə arxalanmağa məcburdur”
Mayın 23-də ABŞ Prezidenti Donald Trampla keçirilən danışıqlar zamanı Fars körfəzi ölkələrinin liderləri Vaşinqtonu İrandan öz ölkələri üçün təhlükəsizlik zəmanətləri almağa çağırıblar.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər regional ölkələrin liderləri ABŞ ilə İran arasında Tehranının ballistik raket proqramı ilə bağlı müddəaları əhatə etməyən mümkün razılaşmadan narahatdırlar. Mənbə qeyd edib ki, raket proqramı hələlik danışıqlar zamanı müzakirə olunmayıb. Körfəz ölkələrinin liderləri eskalasiyanın onların ərazilərində yerləşən enerji obyektlərinə zərər verə biləcəyindən ehtiyat edirlər.
İraqın Respublikaçı Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi tarix üzrə tədqiqatçı və İraq-Azərbaycan Dostluq Assosiyasına məxsus “Əs-Sədəqa” qəzetinin jurnalisti Dr. Mötəz Mühi Əbdülhəmid Sherg.az-ın suallarını cavablayıb:
-Körfəz ölkələrinin ABŞ-dən İranla bağlı təhlükəsizlik zəmanəti tələb etməsi regionun yeni təhlükəsizlik arxitekturasına keçid etdiyini göstərir?
-Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər baxımından son hadisələr əsas strateji narahatlığı daha da gücləndirir. Bu narahatlıq Körfəzin İran, İsrail və xarici güclər arasında uzunmüddətli qarşıdurmanın əsas meydanına çevrilməsi qorxusudur.
Körfəzin strateji coğrafi mövqeyi onu həyati əhəmiyyət daşıyan dəniz yollarının və enerji təchizatı xətlərinin mərkəzinə çevirir. Bu isə istənilən regional eskalasiyanı iqtisadi sabitlik, enerji bazarları və qlobal ticarət axını üçün birbaşa təhdidə çevirir. Hörmüz boğazı da dünyadakı ən həssas dəniz keçid nöqtələrindən biri olaraq qalır. Burada baş verəcək hər hansı pozuntu dərhal qlobal nəticələr doğura bilər.
-Ənənəvi təhlükəsizlik tərəfdaşlığı bu prosesdə hansı rol oynayır?
-Böhran ənənəvi təhlükəsizlik çərçivələrinə yalnız bir tərəfli şəkildə güvənməyin sərhədlərini də ortaya qoydu. ABŞ hələ də Körfəz ölkələri üçün əsas təhlükəsizlik tərəfdaşı və ən mühüm hərbi təminatçı olsa da, Körfəz Əməkdaşlıq Şurası ölkələri getdikcə daha çox xarici siyasətlərini şaxələndirməyə yönələn kurs götürüblər. Məqsəd isə yalnız bir beynəlxalq tərəfdən həddindən artıq asılılığı azaltmaqdır. Son on ildə bu strateji şaxələndirmə Körfəzin xarici siyasətinin əsas xüsusiyyətinə çevrilib. Bu istiqamətdə Asiya ilə əlaqələrin genişləndirilməsi, orta güclərlə münasibətlərin gücləndirilməsi, Pakistan, Hindistan, Türkiyə və Ukrayna ilə iqtisadi, siyasi və hərbi tərəfdaşlıqların inkişaf etdirilməsi həyata keçirilib.
2026-cı ilin fevral ayının sonlarından etibarən ABŞ və İsrailin “Epik Qəzəb” və “Aslanın Nəriltisi” əməliyyatları çərçivəsində İrana qarşı birgə zərbələr endirməsindən sonra Körfəz ölkələri seçmədikləri və maraqları ilə üst-üstə düşməyən müharibənin içində qaldılar. Eyni zamanda, bu ölkələr illər ərzində təhlükəsizlik strategiyalarını ehtiyatla şaxələndirməyə çalışdılar. Həmçinin ABŞ ilə əlaqələrini gücləndirdilər, İran və İsraillə müxtəlif səviyyələrdə diplomatik kanalları genişləndirdilər, daha geniş regional və beynəlxalq tərəfdaşlıq şəbəkəsi qurmağa çalışdılar.
-Körfəz ölkələrinin mövcud müdafiə imkanları İran hücumlarının qarşısını almaqda nə dərəcədə effektiv oldu?
-Körfəz ölkələrinin müdafiə imkanları İran hücumlarının qarşısını almaq üçün kifayət etmədi. Bu yanaşma onların həcmi və intensivliyi baxımından görünməmiş İran hücumlarına məruz qalmasının qarşısını ala bilmədi. Eyni zamanda əsas tərəfdaşların birbaşa müdaxiləsi də baş vermədi. Əksinə, Körfəz ölkələri əsasən onilliklər boyu xarici dəstəklə inkişaf etdirdikləri yerli müdafiə imkanlarına güvəndilər.
Bu müharibə əsas həqiqəti üzə çıxardı. Tərəfdaşlıqların dəyəri xarici müdafiə vədlərində deyil, strateji müstəqilliyi gücləndirmək, hazırlıq səviyyəsini artırmaq və döyüş effektivliyini yaxşılaşdırmaq qabiliyyətindədir.
-Körfəz ölkələrinin Pakistan, Hindistan, Ukrayna və Misir kimi ölkələrlə yaxınlaşmasının əsas səbəbləri nədir?
-Son illərdə Körfəz ölkələri ABŞ-nin bölgənin təhlükəsizliyinə uzunmüddətli sadiqliyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən tərəfdaşlıqlarını şaxələndirməyə çalışıblar. ABŞ-nin yükün bölüşdürülməsinə yönəlmiş siyasəti bu tendensiyanı sürətləndirib. Bu da onun müasir müdafiə və milli təhlükəsizlik strategiyalarında özünü göstərib. O, Körfəz ölkələrini ABŞ-nin müttəfiqləri olmalarına baxmayaraq Pakistan, Hindistan və Türkiyə kimi digər güclərlə münasibətləri dərinləşdirməyə təşviq edib.
Bu, ABŞ ilə problem yaşamamaq üçün diqqətlə hesablanmış şəkildə həyata keçirilib. Məqsəd strateji münasibətlərin mahiyyətinə toxunmadan təhlükəsizlik tərəfdaşlıqlarını genişləndirmək olub. Yanaşma Pakistanla Səudiyyə Ərəbistanı arasında 2025-ci ildə imzalanmış birgə müdafiə sazişi, BƏƏ ilə Hindistan arasında təhlükəsizlik koordinasiyasının genişlənməsi və Körfəz ölkələri ilə Türkiyə arasında təhlükəsizlik əməkdaşlığının dərinləşməsi kimi konkret nəticələr verib.
Lakin hazırkı müharibə bu strategiyanın əsaslandığı fərziyyələrdə ciddi gərginliyi üzə çıxardı. Çünki ittifaqlar böhran anlarında mütləq şəkildə birbaşa dəstəyə çevrilmir. Regional təhlükəsizlik düşüncəsində uzun müddət mövcud olmuş xarici müdaxilə gözləntiləri isə məhdud və dayanıqsız olduğunu göstərdi.
Körfəz ölkələrinin əsas təhlükəsizlik tərəfdaşları strateji prioritetləri və milli maraqları səbəbindən İranın cavab zərbələrinin nəticələrinin qarşısını almağa birbaşa qoşulmaqdan çəkiniblər. ABŞ və Pakistan nümunələri bu dinamikanın aydın göstəricisidir.
-ABŞ təhlükəsizlik tərəfdaşı olaraq qalacaqmı?
-ABŞ Körfəz təhlükəsizlik sisteminin ən köklü tərəfdaşı olaraq qalır. Onun sistemləri hava müdafiəsinin əsas sütununu təşkil edib və 90 faizdən çox tutma göstəricisinin əldə olunmasına töhfə verib. Bu performans Körfəz ölkələrinin ABŞ silahlarına və hərbi infrastrukturuna yönəlmiş onilliklər boyu investisiyalarını, intensiv təlim proqramlarını, Amerika sistemlərinin regional təhlükəsizlik strukturlarına dərin inteqrasiyasını əks etdirir.
Müharibə səbəbindən ABŞ hərbi ehtiyatlarının tükənməsi ilə bağlı əlamətlərə baxmayaraq, Vaşinqton bölgənin təhlükəsizlik imkanlarını dəstəkləməyə davam edir. Belə ki, martın 19-da ABŞ Dövlət Departamenti BƏƏ, Küveyt və İordaniyanı əhatə edən 16,5 milyard dollarlıq silah paketi elan edib.
-Lakin bu dəstək məhdud olaraq qalır.
-Çünki ehtimal olunan hər hansı hücuma qarşı müdafiə üçün yerli əhalidən formalaşmış və hazırlıq keçmiş hərbi qüvvələr yoxdur. Əhalinin azlığı səbəbindən xüsusilə Qətər, Bəhreyn və Küveyt müəyyən ölkələrdən vətəndaşlıq vermə yolu ilə insanları cəlb edib və onları müxtəlif döyüş sahələrində hazırlayıb. Ancaq onlar potensial təhlükələrə qarşı müdafiə və infrastrukturun qorunması üçün kifayət qədər effektiv deyillər.
Bu səbəbdən Vaşinqton Körfəz ölkələrinin İranın mülki infrastrukturunun hədəf alınmaması ilə bağlı təkrar çağırışlarına cavab verməyib və nəticədə bu ölkələr davamlı cavab hücumlarına açıq vəziyyətdə qalıblar.
Bu, ABŞ-nin müharibədə oynadığı ikili rolu əks etdirir. Bir tərəfdən, onun hərbi sistemləri Körfəz müdafiəsində həlledici elementdir. Digər tərəfdən isə ABŞ müharibənin başlanmasına töhfə verib və regional nəticələrin idarə edilməsində tərəddüd nümayiş etdirib. Bu isə hazırda həmin ölkələrin üzləşdiyi böhranın dərinləşməsinə səbəb olub.
-Pakistanla münasibətlər bu təhlükəsizlik dinamikası çərçivəsində necə inkişaf edir?
-Pakistanla münasibətlər baxımından bu müharibə 2025-ci ildə Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə sazişinin ilk real sınağı oldu. Bu saziş regional təhlükəsizlik tərəfdaşlıqlarında nadir hallarda rast gəlinən məcburedici formulalarla hazırlandı və Pakistanın hərbi şəkildə prosesə qoşula biləcəyi gözləntilərini artırdı. Lakin bu hələ baş verməyib.
Bu ehtiyatlı mövqe İslamabaddakı mürəkkəb strateji hesablamaları əks etdirir. Burada daxili siyasi və iqtisadi təzyiqlər, İranla münasibətlərin idarə olunması zərurəti və sərhədlərdə davam edən təhlükəsizlik problemləri bir-biri ilə iç-içədir. Buna görə də Pakistanın rolunun Misir və Türkiyənin mövqeləri ilə uyğun şəkildə daha çox diplomatik xarakter daşıyacağı ehtimal olunur.
Bu da onu göstərir ki, rəsmi ittifaqlar milli maraqlarla məhdudlaşır. Öhdəliklər isə yüksək gərginlikli münaqişələrdə dövlətlərin davranışını mütləq müəyyən etmir.
-Pilotsuz uçuş aparatları (PUA-lar) müasir müharibə və regional təhlükəsizlik balansını necə dəyişir?
-İranla müharibə Körfəz strateji düşüncəsində sürətli transformasiyanı əks etdirir. İttifaqların real dəyəri artıq təhlükəsizlik təminatlarında deyil, təqdim etdikləri resurslar, texnologiyalar, təlim imkanları və özünümüdafiə qabiliyyətinin gücləndirilməsindədir. Bu baxımdan hazırlıq və çevikliyi gücləndirən tərəfdaşlıqlara üstünlük verilməsi zərurəti ön plana çıxır.
Müharibə eyni zamanda müharibələrin xarakterinin yenidən formalaşması ilə bağlı mümkün tendensiyaları da üzə çıxardı. Ən başlıcası isə aşağı maliyyətli pilotsuz uçuş aparatlarından istifadənin artmasıdır. Bunun səbəbi onların ucuzluğu və asan istehsal edilməsidir.
İranın “Şahid” dronları bu münaqişədə əsas elementə çevrilib. 2026-cı ilin fevral ayının sonlarından etibarən Körfəz ölkələrinə qarşı 4 mindən çox belə aparat buraxılıb.
Körfəz ölkələrinin pilotsuz uçuş aparatları ilə mübarizə sahəsində əvvəlki təcrübəsi olsa da, onlar İran hücumlarının bu səviyyədə intensivliyi və miqyası ilə qarşılaşmamışdılar. Bu eskalasiya müxtəlif texnologiyaların tətbiqinə və PUA müharibəsi sahəsində əməliyyat təcrübəsinin artırılmasına fokuslanma zərurəti yaradıb.
Bu kontekstdə Ukrayna Rusiyanın “Geran” adlı “Şahid” versiyası ilə mübarizə təcrübəsinə görə mühüm tərəfdaş kimi önə çıxıb. Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ artıq mart ayının sonlarında Kiyevlə müdafiə sazişləri imzalayaraq bu təcrübədən faydalanmağa başlayıblar. Bu isə “Stinq” kimi aşağı maliyyətli müdafiə sistemlərinin onların hava müdafiə sistemlərinə inteqrasiya edilməsinə imkan yarada bilər.
-Yerli müdafiə imkanlarının da gücləndirilməsi əsas zərurətlərdən birinə çevrilib.
-Bu inkişaflar müharibənin əsas dərsini əks etdirdi. Parçalanmış və qeyri-müəyyən beynəlxalq mühitdə özünümüdafiə imkanlarının gücləndirilməsi dəyişən təhdidlərə qarşı mübarizənin əsas şərtinə çevrilir.
Bu isə çevik təchizat zəncirlərinə investisiya yatırılmasını, yerli imkanların formalaşdırılmasını və müdafiə sənayesinin inkişaf etdirilməsini tələb edir. İttifaqlar əsas element olaraq qalacaq. Lakin onların dəyəri tərəfdaşların imkanlarını nə qədər gücləndirməsi ilə ölçüləcək, birbaşa müdaxilə zəmanəti ilə yox.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.