Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən aqrar sahədə ikili diplom proqramlarının genişləndirilməsi və xarici universitetlə birgə universitetin yaradılması nəzərdə tutulur.
Bu çərçivədə 2026-2030-cu illərdə ikili diplom proqramları üzrə təhsil alan tələbələrin sayının artırılması, azı 2 nüfuzlu universitetlə ikili diplom proqramlarının tətbiq edilməsi planlaşdırılır.
Bu, aqrar sahə üzrə təhsilin, kənd təsərrüfatının inkişafına öz töhvəsini necə verəcək və universitet hansı ərazidə yaradıla bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a bildirdi ki, yeni aqrar universitetin yaradılması və ikili diplom proqramlarının genişləndirilməsi ümumilikdə müsbət addım hesab oluna bilər:
"Çünki kənd təsərrüfatında əsas problemlərdən biri müasir bilik və texnologiyaların tətbiqində geriliyin olmasıdır. Dünyada aqrar sahə artıq yalnız ənənəvi əkinçilik və heyvandarlıq deyil, yüksək texnologiya, genetika, rəqəmsal idarəetmə və aqrar mühəndislik üzərində qurulur. Xarici universitetlərlə əməkdaşlıq isə bu təcrübələrin Azərbaycana gətirilməsinə kömək edə bilər.
İkili diplom proqramları tələbələrin beynəlxalq standartlara uyğun təhsil almasına, yeni texnologiyalar və idarəetmə modellərini öyrənməsinə şərait yarada bilər. Əgər bu proqramlar formal xarakter daşımayıb praktikaya yönəlsə, gələcəkdə kənd təsərrüfatında peşəkar kadr çatışmazlığının azalmasına təsir göstərə bilər. Xüsusilə aqronom, baytar, suvarma mühəndisi, aqrar iqtisadçı və qida texnologiyası üzrə mütəxəssislərə ehtiyac artır. Amma burada əsas məsələ yalnız yeni universitet yaratmaq deyil, onun keyfiyyətli elmi və praktik baza üzərində qurulmasıdır. Əgər universitet real tədqiqat mərkəzinə çevrilməsə, fermerlərlə və aqrar bizneslə əlaqə qurmasa, nəticə gözlənilən qədər effektiv olmaya bilər. Dünya təcrübəsində uğurlu aqrar universitetlər birbaşa istehsalat və elmi innovasiya ilə inteqrasiya olunub".

Həmdöhbətimiz yeni universitetin hansı ərazidə yaradıla biləcəyindən də danışdı:
"Universitetin hansı ərazidə yaradılmasına gəldikdə isə, ən real variant kənd təsərrüfatı potensialı yüksək olan bölgələr görünür. Gəncə, Şəmkir, Qəbələ, Lənkəran və ya Qarabağ iqtisadi rayonu bu baxımdan daha uyğun hesab oluna bilər. Xüsusilə Gəncə bölgəsi aqrar ənənə, mövcud infrastruktur və Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşməsi baxımından üstün görünür. Qarabağda yaradılması isə həm strateji, həm də regionun yenidən qurulması baxımından simvolik əhəmiyyət daşıya bilər. Əgər bu layihələr uzunmüddətli strategiyanın tərkib hissəsi kimi həyata keçirilsə, gələcəkdə kənd təsərrüfatında məhsuldarlığın və rəqabət qabiliyyətinin artmasına real təsir göstərə bilər".
Əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva isə qeyd etdi ki, bu Sərəncamı aqrar sahəyə formal yanaşma kimi yox, çox ciddi strateji addım kimi qiymətləndirmək lazımdır.
Onun fikrincə, kənd təsərrüfatının inkişafı artıq yalnız torpaq, subsidiya və texnika məsələsi deyil:
"Əsas məsələ bilikli kadrdır. Torpağı da, suyu da, texnologiyanı da nəticəyə çevirən insandır. Bu baxımdan dövlət başçısının aqrar təhsili ayrıca diqqətə götürməsi çox önəmlidir. Bu, onu göstərir ki, Prezident İlham Əliyev kənd təsərrüfatına yalnız istehsal sahəsi kimi deyil, ərzaq təhlükəsizliyi, regional inkişaf və insan kapitalı məsələsi kimi yanaşır. Təəssüflə qeyd etməliyəm ki, hazırkı aqrar təhsil sistemi bu çağırışlara tam cavab vermir. Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi bazası, Gəncədə yerləşməsi, müəyyən laboratoriya və tədris infrastrukturu var. ADAU-nun Ege Universiteti ilə ikili diplom proqramı da müsbət təcrübədir. Həm də bu proqram üzrə aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat istiqamətləri nəzərdə tutulub. Təəssüf ki, aqrar təhsil hələ də fermer təsərrüfatı, real istehsal və müasir texnologiya ilə kifayət qədər sıx bağlı deyil".

Onun sözlərinə görə, universitet yalnız diplom verən müəssisə olmamalıdır:
"O, fermerin yanında olan, kənd təsərrüfatına elmi həll gətirən, suvarma, torpaq, məhsuldarlıq, emal və ixrac problemlərinə cavab verən beyin mərkəzinə çevrilməlidir. İkili diplom proqramlarının əsas üstünlüyü də buradadır. Əgər tələbə həm xarici universitetin elmi mühitini görəcəksə, həm də Azərbaycanın real tarlasında, fermasında, emal müəssisəsində təcrübə keçəcəksə, bu proqramın ciddi nəticəsi olacaq. Əks halda, sadəcə xarici adla bəzədilmiş diplom alacağıq, amma kənd təsərrüfatında dəyişiklik görməyəcəyik.
Yeni universitetin yaradılması məsələsinə gəldikdə, məncə, ən məntiqli ərazi yenə də Gəncədir. Çünki aqrar təhsil paytaxtda yox, torpağa yaxın olmalıdır. Gəncədə artıq ADAU-nun bazası, ənənəsi və aqrar mühit var. Amma yeni universitet yalnız Gəncə ilə də məhdudlaşmamalıdır. Qarabağda, Şərqi Zəngəzurda, Aran bölgəsində, Lənkəran-Astara zonasında və Naxçıvanda praktik təlim və tədqiqat bazaları yaradılmalıdır.
Bu Sərəncamın ən böyük üstünlüyü isə ondadır ki, məsələ artıq dövlət səviyyəsində ciddi şəkildə qoyulur. Prezident bu sahəyə siyasi iradə göstərir. İndi əsas məsuliyyət icraçı qurumların üzərinə düşür. Onlar bu qərarı kağız üzərində saxlamamalıdırlar. Artıq aqrar universitetin əsas fəlsəfəsi dəyişməlidir, etməli olduqlarını etməlidirlər, kabinet üçün yox, torpaq üçün kadr hazırlamalıdırlar. Ümid edək ki, məhz cənab prezidentin siyasi iradəsi nəticəsində artıq istədiyimiz nəticələri görərik".
Aytəkin TOİFQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.