"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını vətəni Argentinada davam etdirə bilər.
QOL.az xəbər verir ki, jurnalist Renso Pantiçin yaydığı məlumata görə, "River Pleyt"in yeni idman direktoru Pablo Lonqoriya forvardın nümayəndələri ilə əlaqə saxlayıb. Argentina klubu yayda bu transferi rəsmiləşdirmək məqsədilə futbolçunun maliyyə tələblərini dəqiqləşdirib.
Məlumata əsasən, İkardi hazırda "Qalatasaray"ın maaşının 40 faiz azaldılmasını nəzərdə tutan yeni müqavilə təklifini qəbul etməyib. Bu səbəbdən ulduz futbolçu iyulun 1-də azad agent statusu ala bilər. Hazırda hücumçunun Argentinada olduğu bildirilir.
Qeyd edək ki, 2025/2026-cı illər mövsümündə Mauro İkardi "Qalatasaray"ın heyətində bütün turnirlərdə ümumilikdə 47 matçda meydana çıxıb, 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.