AZ

Şimali Makedoniya və Xorvatiya arasında strateji əməkdaşlıq sazişi imzalanıb

Şimali Makedoniya və Xorvatiya arasında enerji sektorunda anlaşma memorandumu və strateji əməkdaşlıq sazişi imzalanıb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, sənədlər Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində imzalanıb.

Xorvatiya nümayəndə heyətinin səfəri biznes forumun keçirilməsi ilə yekunlaşıb. Forumda Şimali Makedoniya və Xorvatiyanın biznes icmalarının nümayəndələri iştirak ediblər. Forumda müxtəlif sahələrdə gələcək əməkdaşlıq imkanları, o cümlədən enerji sektorunda yeni layihələrin və investisiyaların həyata keçirilməsi müzakirə olunub.

"Energetika bu gün Avropa və bütün region üçün ən vacib strateji sahələrdən biridir. Ukraynadakı müharibə və Yaxın Şərqdə baş verən hadisələr açıq şəkildə göstərdi ki, enerji təhlükəsizliyi artıq yalnız iqtisadi deyil, həm də geosiyasi və təhlükəsizlik məsələsidir. Buna görə də əməkdaşlıq etməyi, investisiya qoymağı və birgə infrastruktur layihələri həyata keçirməyi bacaran dövlətlər daha güclü, daha sabit və gələcək çağırışlara daha dayanıqlı olacaqlar", – Şimali Makedonyanın energetika, mədən sənayesi və mineral xammal naziri Sanya Bojinovska bildirib.

Memorandumun məqsədi iki ölkə arasında enerji sektorunda əməkdaşlığın inkişafı üçün çərçivə yaratmaqdır. Bu çərçivə enerji təhlükəsizliyinin və regional interkonneksiyaların gücləndirilməsi, bərpa olunan enerji mənbələrinin inteqrasiyası və aşağı karbonlu sistemlərə keçidin təşviqi, elektrik enerjisi bazarının inteqrasiyası və Aİ qaydalarına uyğun tənzimləyici yaxınlaşma, institusional potensialın gücləndirilməsi, bilik mübadiləsi və birgə təşəbbüslərin dəstəklənməsi istiqamətlərini əhatə edir.

Seçilən
46
far.az

1Mənbələr